Özbəkistan telekanalında “Altın körpü: Azərbaycan” adlı veriliş yayımlanıb - VİDEO

Özbəkistan telekanalında “Altın körpü: Azərbaycan” adlı veriliş yayımlanıb - VİDEO
# 03 sentyabr 2021 17:35 (UTC +04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə avqustun 26-da ölkənin “Madaniyat va ma'rifat” (“Mədəniyyət və mərifət”) kanalında “Oltin ko'prik: Ozarbayjon” (“Altın körpü: Azərbaycan”) adlı veriliş yayımlanıb.

APA-nın məlumatına görə, verilişdə dili, dini, mədəniyyəti, adət və ənənələri ilə bir-birinə yaxın Azərbaycan və özbək xalqlarının tarixi dostluğundan, eləcə də türk dünyasının aparıcı ölkələri sayılan Azərbaycan və Özbəkistanın ortaq dəyərlərindən bəhs olunub.

Ekran işində hər iki ölkənin Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulami kimi tanınmış şəxsləri, eləcə də ədəbi əlaqələri haqqında fikirlər səsləndirilib.

Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, Füzuli mərkəzinin direktoru Gülbahar Aşurova bildirib ki, 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib, Özbəkistanda isə Prezident Şövkət Mirzəyevin sərəncamı ilə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi geniş şəkildə qeyd ediləcək. O, bu dahi şəxsiyyətlərin hər iki xalqın dost və ədəbi əlaqələrinin əsasında dayanan nailiyyətlərindən danışıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında yüksək əməkdaşlıq və dostluq münasibətlərindən bəhs edib. O, orta əsrlərdə, eləcə də XX əsrdəki mədəni və ədəbi əlaqələrdən, sovet dövründə ölkələrimizdə keçirilən ədəbiyyat və incəsənət dekadaların danışıb, müstəqillik illərində bu sahədə aparılan işləri qeyd edib, hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinə, bu əməkdaşlığın gələcək inkişafına toxunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ulvi Binnətova Özbəkistanla Azərbaycan arasındakı ədəbi əlaqələrdən, o cümlədən bu istiqamətdə görüləcək gələcək işlərdən danışıb.

Verilişdə Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin nəzdində yaradılmış M.Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyətinə geniş şəkildə toxunulub. Bildirilib ki, Mərkəz Azərbaycan və özbək ədəbiyyatı, o cümlədən hər iki xalqın ortaq dəyərlərinə həsr olunmuş tədbir və hadisələr barədə məlumatları təqdim edir.

Verilişdə tanınmış özbək ədəbiyyatşünasları Mamatqul Xazratqulovun, İslam Yaqubovun, Abdulla Uqulovun, Azərbaycan alimləri Paşa Kərimovun, Akif Azalpın, Ümid Mirzəyevin və başqa ədəbiyyat təmsilçilərinin müsahibələri də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR