Rusiyanın Əməkdar incəsənət xadimi Bakıda ustad dərsləri keçəcək    

Rusiyanın Əməkdar incəsənət xadimi Bakıda ustad dərsləri keçəcək    

© APA | Xoreoqraf Eldar Əliyev

# 01 iyun 2021 15:46 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, iyunun 8-dən 17-nə kimi ustad dərsləri keçirəcək.

E. Əliyev eyni zamanda gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə teatrın balet truppası və truppanın solistləri ilə tanış olacaq.

Qeyd edək ki, Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olub.

"Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka","Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. 1992-ci ildən ABŞ-da çalışır.  2015-ci ildən E.Əliyev Primorsk Opera və Balet Teatrının baş baletmeysteri, 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin  baş baletmeysteridir.  

2021-ci ildə  Rusiya Prezidenti V.Putinin sərəncamı ilə E.Əliyev "Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi" fəxri adına  layiq görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR