AZAL mobil əlavəsini təqdim edib

AZAL mobil əlavəsini təqdim edib
# 07 fevral 2020 14:53 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “iOS” (9.0 və daha yüksək versiyalar) və “Android” (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün mobil əlavəsini təqdim edib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, istifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.

Artıq aviabilet almış sərnişinlər bronu idarə edib, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçib, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. “iPhone” istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcək.

Mobil əlavə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və “AZAL Miles” proqramının əsas qaydaları təqdim olunub.

Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.

Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR