Ağdaşda avtomobil yolları yenidən qurulur

Ağdaşda avtomobil yolları yenidən qurulur
# 14 aprel 2020 12:23 (UTC +04:00)

Ağdaş rayonunda cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 km uzunluğa malik bir neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, qara və çınqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib.

Yol boyu yenidənqurma işlərinə qısa müddətdir başlanılmasına baxmayaraq, artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür.

Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanı və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yol boyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR