Azərbaycan-Rusiya sərhədində nəzarət-buraxılış məntəqələrinin inkişafı işləri sinxronlaşdırıla bilər

Azərbaycan-Rusiya sərhədində nəzarət-buraxılış məntəqələrinin inkişafı işləri sinxronlaşdırıla bilər
# 28 aprel 2021 17:18 (UTC +04:00)

Azərbaycan və Rusiya ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və iki ölkənin dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər sinxronlaşdırıla bilər.

Azərbaycan Nazirlər Kabinetindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələnin vacibliyi ötən gün Moskvada keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası zamanı vurğulanıb.

İclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk iştirak ediblər.

İclas zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olundu.

İclasda ölkələr arasında əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2% artdığı qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.

Bildirilib ki, cari ilin birinci rübündə Azərbaycan ilə Rusiya arasında dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5%-dən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11%-dən çox artıb.

Eyni zamanda, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Şimal-Cənub dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulanıb. Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15%-dən çox olduğu qeyd edilib. Dəmir yolu ilə yükdaşımaların həcmində 23%-dən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14%-ə yaxın artım olub. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində 23,5%-lik artım qeydə alınıb. Həmçinin 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11% artdığı qeyd edilib.

Bununla yanaşı bildirilib ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6%-lik artım qeydə alınıb.

İclasda Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd edilib.

Yekun olaraq Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR