Azərbaycan startapı NBA-də çıxış edən komandanın müsabiqəsinə qatılıb

Azərbaycan startapı NBA-də çıxış edən komandanın müsabiqəsinə qatılıb
# 27 fevral 2020 12:02 (UTC +04:00)

Azərbaycanda icrası başlanan "Lia" startap layihəsi ABŞ-ın Milli Basketbol Assosiasiyasının (National Basketball Association – NBA) peşəkar liqasının (NBA) ilk onluğuna daxil olan "Sacramento Kings" komandasının hər il keçirdiyi "Capitalize" startup müsabiqəsində iştirak üçün seçilən 16 startaplardan biri olub.

Bunu "APA-Economics"ə "Technovate Investments" akselerasiya mərkəzinin rəhbəri Fərid İsmayılzadə deyib.

Onun sözlərinə görə, yüzlərlə startap arasında bu möhtəşəm müsabiqədə son 16-lıqda yer almaq ABŞ-a yeni köçən Azərbaycan startapı üçün əla nəticə sayılır.

"İndi 30 min pərəstişkar qarşısında çıxış etmək və müsabiqəni qazanmaq gərəkdir. Müsabiqəni qazandığımız təqdirdə "Sacramento Kigs" komandası "Lia" layihəsinin marketinqini öz üzərinə götürəcək və maddi dəstək verəcək", - deyə F. İsmayılzadə qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda "Lia" layihəsi üzərində işlər sürətlə davam edir və tezliklə məhsul satışa çıxacaq.

Qeyd edək ki, "Lia" startap layihəsi "Technovate Investments" şirkətinin yatırım etdiyi "Smart Spinal Solutions Inc." tərəfindən icra olunur.

Xatırladaq ki, "Lia" qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. Bu qurğunu istifadə etdikdən minimum 3 həftə sonra, heç bir narahatlıq hiss etmədən və artıq xərc olmadan alıcıya öz onurğa sütununu düzəltməyə kömək edir. İstifadəçinin qaməti səhv olduğu halda bu haqda xəbərdar olunur. İstifadəçi xəbərdarlığın hansı vasitə ilə çatdırılmasını özü seçə bilir: bu vibrasiya (telefonda, yaxud cihazın özündə) və ya səsli siqnal ola bilər. Smartfonda "Lia"nın proqram təminatı vasitəsi ilə istifadəçi öz nəticələrini və irəliləyişi izləyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR