Azərbaycanın daha üç ali təhsil müəssisəsində "Smart tələbə kartı"nın tətbiqinə başlanılıb

Azərbaycanın daha üç ali təhsil müəssisəsində "Smart tələbə kartı"nın tətbiqinə başlanılıb
# 10 sentyabr 2020 11:26 (UTC +04:00)

Azərbaycanda daha 3 universitet – Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı smart funksiyalı “Smart tələbə kartı” layihəsinə qoşuldu.

Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Smart tələbə kartı” tələbələrə təhsil aldıqları dövrdə onların indentifikasiya sənədi rolunu oynamaqla yanaşı, ödəniş xidmətlərindən yararlanmağa, o cümlədən təqaüdlərin alınmasına, ölkə daxilində və xaricində istənilən nağdsız ödənişlərin həyata keçirilməsinə imkan verəcək.

Regionlarda yaşayan valideynlər övladlarına bu kart sayəsində rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Kartla həyata keçirilən nağdsız ödənişlər zamanı tələbələr “cashback” proqramı və digər xüsusi kampaniyalardan yararlanmaq imkanı əldə etməklə yanaşı, bu kartlardan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.

Gələcəkdə “Smart tələbə kartı”ın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.

Yeni təhsil ili başladıqdan sonra qısa müddət ərzində universitetlərin bütün tələbələrinə “Smart tələbə kartı” təqdim ediləcək.

Qeyd edək ki, “Smart tələbə kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetində təhsil alan tələbələrə bu kartlar təqdim olunub. Layihənin yaxın gələcəkdə ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR