Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri keçirilib - FOTO

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri keçirilib - FOTO
# 03 mart 2020 10:25 (UTC +04:00)

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz Hökumət Buludu” mövzusunda tədbir keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirin məqsədi “Hökumət Buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.

Tədbirdə “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar təqdim olunub.

Bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat verilib.

Eyni zamanda, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.

Tədbirdə “Hökumət Buludu Konsepsiyası və beynəlxalq təcrübə”, “Bulud texnologiyaları və Hökumət Buludu ilə tanışlıq”, “AZCLOUD hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik”, “Dövlət informasiya resurslarında təhlükəsizlik tədbirləri” mövzularında məruzələr edilib.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR