Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün praktiki seminar keçirilir - FOTO

Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün praktiki seminar keçirilir - FOTO
# 03 mart 2020 14:45 (UTC +04:00)

II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Azərbaycanın dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün "Pentestinq" üzrə praktiki seminar təşkil olunub.

"APA-Economics"in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan seminar tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılır.

Y. Qurkin pentest, yəni informasiya təhlükəsizliyi üzrə sınaqlar və hücumların tipləri, metodologiyası, təhdidlərin növləri, istifadə olunan ənənəvi kibertəhlükəsizlik həllərinin üstün və mənfi cəhətlərini diqqətə çatdırıb, təhdidlərin qarşısını almaq, eləcə də bank sistemi üçün arxitektura həlləri üzrə tövsiyələrlə çıxış edib.

Məruzəçi eyni zamanda pentest üzrə sənədin hazırlanması qaydası, sertifikatlaşdırılmış həllərin istifadəsinin üstün və mənfi cəhətləri, veb-təhdidlər, manual, avtomatik test və digər əhəmiyyətli mövzular haqqında seminar iştirakçılarına məlumat verib.

Xatırladaq ki, "Kibertəhlükəsizlik həftəsi" sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR