“Barama" Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi keçirilib

“Barama" Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi keçirilib
# 25 yanvar 2020 18:12 (UTC +04:00)

Yanvar 25-də İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi keçirilib.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, proqrama seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10-u seçilərək finala vəsiqə qazana bilib.

Bu gün keçirilən son seçim mərhələsində startaplar 5 dəqiqə müddətində münsiflər heyəti və investorlar qarşısında öz təqdimatları ilə çıxış ediblər.

Müstəqil ekspertlərdən ibarət olan münsiflər heyəti və investorların dəyərləndirməsindən keçən 5 top layihə Pre-akselerasiya proqramında iştirak etmək şansı qazanıb.

Qalib komandaların adları:

1.İŞIQ - karyera seçimi üçün interaktiv platforma.

2. ABC Planet - dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədər təhsil startapı.

3. AIDAtoolkit – Multimedia kontentinin yaradılması üçün kross-platformalı alət.

4. WinFi – Səyahətçilər üçün qlobal WiFi paylaşma platforması.

5. Pesekar.az - peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma.

Qalib komandalar bu gündən etibarən Barama Pre-akselerasiya proqramının təqdim etdiyi böyük imkanlardan yararlana biləcək. Pre-akselerasiya proqramına seçilən komandalara 25 min manata qədər maddi dəstək göstəriləcək, onlar xarici mentorların üstünlük təşkil etdiyi 30-dan çox mentordan dəstək alacaq, İnnovasiyalar Agentliyində ofislə təmin olunacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər. Bu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti dövründə baş tutan ilk Pre-akselerasiya proqramıdır. 3 ay davam edəcək proqram ərzində startaplar daha çox xarici mentorların dəstəyi ilə öz layihələrini biznes və məhsulun inkişaf etdirilməsi mərhələlərindən keçirəcəklər. Tədbirdə investorlar, müstəqil ekspertlər və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, münsiflər heyətinin tərkibinə - İnnovasiyalar Agentliyinin Qrantlar, Kreditləşmə və İnvestisiyalar şöbəsinin müdiri Tural Maqsudov, İnnovasiyalar Agentliyinin Biznesin İnkişafı və İnvestisiyaların təşviqi şöbəsinin müdiri Əli Əsgər Taheri, BMT-nin İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, "MenaPay"in İdarə Heyətinin üzvü və "Behrud Tecnology"nin baş icraçı direktoru Turan Alməmmədov, "Seedstars"ın Mərkəzi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Meneceri Ağahüseyn Əhmədov, MDB ölkələri üçün HCI Biznesin inkişafı üzrə direktoru Rasim Baxşı, "Deloitte Azerbaijan"ın direktoru Tural Hacıyev daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR