Bu il dünyanın 1 000-ə yaxın iri şirkəti kiberhücumlara məruz qalıb

Bu il dünyanın 1 000-ə yaxın iri şirkəti kiberhücumlara məruz qalıb
# 27 noyabr 2020 10:39 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində dünyanın müxtəlif ölkələrində 1 000-dən çox iri şirkət kiberhücumlara məruz qalıb ki, oğurlanmış məxfi məlumatların açıqlanması təhdidi altında onlardan fidyə tələb olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə Yaponiyanın “Nikkei” qəzeti yazır. Nəşrin mütəxəssisləri “Trend Micro” kibertəhlükəsizlik şirkəti ilə birgə araşdırma aparıb.

Məlum olub ki, ötən ildən bəri dünyada fırıldaqçı proqramlar vasitəsi ilə kompüter hücumlarının sayı kəskin artıb.

Bu ziyanverici proqramlar gizli məlumatlara giriş əldə edir, onları şifrləyərək bloklayır və eyni zamanda oğurlayır. Kibercinayətkarlar şirkətləri oğurladıqları məlumatların ictimaiyyətə açıqlamaqla təhdid edir ki, bu da şirkətin işgüzar nüfuzuna xələl gətirə bilər. Bundan sonra şirkətlərdən fidyə tələb olunur.

Yaponiyanın "Toyota Motor" və Cənubi Koreyanın "LG Electronics" kimi nəhənglərin buna oxşar hücumlara məruz qaldığı bildirilir. Əksər şirkətlər fidyə verməkdən imtina edir.

Lakin ötən il Yapon şirkətlərinin 32%-i bu cür hücumlardan sonra kibercinayətkarların şərtlərini qəbul edib. Fidyənin orta məbləği 1,17 mln. ABŞ dolları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR