Çin-Azərbaycan ikinci konteyner qatarı Bakıya çatıb

Çin-Azərbaycan ikinci konteyner qatarı Bakıya çatıb
# 21 aprel 2021 11:55 (UTC +04:00)

Çinin Sindao şəhərindən Azərbaycana yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb. Qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” və “GR Logistics and Terminals”ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb.

Blok qatara daxil olan 10 konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.

Qeyd edək ki, Sindao-Bakı marşrutu ilə ilk konteyner blok qatarı bu ilin fevralında Bakıya çatıb.

2021-ci ilin sonunadək “ADY Konteyner” tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR