Həsən Rüstəmzad: "Astara - Astara magistral yolunun tikintisini həyata keçirəcək podratçı şirkət müəyyənləşib"

Həsən Rüstəmzad: "Astara - Astara magistral yolunun tikintisini həyata keçirəcək podratçı şirkət müəyyənləşib"
# 05 may 2020 23:16 (UTC +04:00)

Ticarət dövriyyəsini artırmaq məqsədilə İranın Astara inzibati ərazisi ilə Azərbaycanın Astara rayonu arasında tranzit magistral yolu tikiləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Astara şəhərinin başçısı Həsən Rüstəmzad bu gün Astara-Astara dəmir yolu xəttinin yaxınlığında magistral yolun çəkilməsinə hazırlıq işlərinə baxış keçirərkən deyib.

O bildirib ki, bu magistral yol Azərbaycan və İran arasında mövcud dəmir yolu xəttinin kənarı ilə çəkiləcək. "Yolun tikintisi ilə iki ölkə arasında yük daşımaları və ticarət dövriyyəsi artırılacaq. Azərbaycan öz magistral yolunu İran sərhədinə kimi çəkib. İran daxilində də yol yük terminalına kimi çəkiləcək. Beləliklə, yük maşınlarının gediş-gəlişi daha da asanlaşacaq".

Onun sözlərinə görə, Astara - Astara magistral yolunun tikintisini həyata keçirəcək podratçı şirkət artıq müəyyənləşib: "Yaxın zamanlarda magistral yolun tikintisinə başlanılacaq".

O qeyd edib ki, hazırda İran Astarasının Azərbaycanla dəniz, quru və dəmir yolu vasitəsi ilə əlaqəsi mövcuddur.

H. Rüstəmzad deyib ki, Ərdəbil - Astara (İran) magistral yolunun genişləndirilməsi layihəsi də icra olunur: "Bu yolun genişləndirilməsi ilə İranın şimal qərbində yükdaşımaları artacaq və yol nəqliyyat hadisələri azalacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR