ITU-nun baş katibi vəzifəsinə azərbaycanlının namizədliyi irəli sürülüb

#
# 15:46
19 aprel 2021

Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union – ITU) baş katibi vəzifəsinə Rusiyanın "VimpelCom" şirkətinin ("Beeline" ticarət nişanmı) prezidenti, əslən azərbaycanlı Rəşid İsmayılovun namizədliyi irəli sürülüb. Regional Rabitə Birliyindən (RRB) "APA-Economics"ə verilən məlumata görə, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələrinin Rabitə sahəsində dövlət siyasəti departamentinin direktoru Andrey Kantsurov RRB-nin Radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyanın 19-cu iclası zamanı deyib.

Onun sözlərinə görə, seçkilər ITU-nun 2022-ci ildə keçiriləcək Səlahiyyətli Konfrans zamanı baş tutacaq.

A. Kantsurov RRB-nin rabitə administrasiyalarından rusiyalı namizədi dəstəkləmələrini xahiş edib.

Qeyd edək ki, Komissiyanın iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Rusiya və Ermənistanın rabitə administrasiyalarının səlahiyyətliləri, eləcə də ITU-nun Radiorabitə Bürosunun, RRB İcraiyyə komitəsinin və digər qurumların 80-dən çox nümayəndəsi iştirak edib.

Xatırladaq ki, R. İsmayılov 2 noyabr 1965-ci ildə Bakıda anadan olub. O, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix və Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat və idarəetmə fakültələrini bitirib. 2014-cü ildən 2018-ci ilədək rabitə nazirinin müavini olub, daha sonra Rusiyada "Nokia" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Runet Davamlı İstismar Qanunu çərçivəsində trafik filtrləmə sistemlərini tətbiq edən “Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi”nə rəhbərlik edib.

Hazırda R. İsmayılov "VimpelCom"un prezidenti vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR