“Laçın” tankerinin xarici sularda istismarına qərar verilib

“Laçın” tankerinin xarici sularda istismarına qərar verilib
# 16 may 2020 14:49 (UTC +04:00)

Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankerinin xarici sularda istismarına qərar verilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq dizel yanacağı ilə yüklənən “Laçın” tankeri ilk səfərinə hazırdır. Gəmi Bakı limanından üzü Gürcüstanın Kulevi limanı istiqamətində səfərə yollanacaq.

Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək. Uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR