Prezident: “Nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir”

Prezident: “Nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir”
# 24 dekabr 2019 00:33 (UTC +04:00)

“Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək. Nəqliyyat məsələlərinə gəldikdə, mən həmişə bu məsələləri iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri, ikinci isə beynəlxalq əməkdaşlıq tələb edən layihələr. Düzdür, bu layihələr bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün addımlarımızı planlı şəkildə atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı, belə də oldu”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, daxili nəqliyyat layihələrinin icrası imkan verdi ki, biz ölkə daxilində çox müasir nəqliyyat infrastrukturu yaradaq və buna nail olduq: “Misal üçün, baxmayaraq ki, ölkə ərazisi o qədər də böyük deyil, bizim yeddi beynəlxalq hava limanımız var və bunların hər biri işlək vəziyyətdədir. Onlardan altısı beynəlxalq uçuşlar da təşkil edir. Digər tərəfdən, bizim dəniz nəqliyyatımız sürətlə inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya malikik. Biz hazırda 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanda bərə gəmisi istifadəyə verildi. Onun adı “Azərbaycan”dır. “Laçın” adlı neft tankerinin də inşası tamamlandı və istifadəyə verildi. Növbəti illərdə Bakının gəmiqayırma zavodunda başqa gəmilər də inşa ediləcək”.

Hava nəqliyyatına gəldikdə, Prezident qeyd edib ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük daşımaq üçün imkanlar var. Azərbaycan indi tranzit hab kimi öz hava məkanından istifadə edir: “Eyni zamanda, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənib. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara verilməsi böyük dəyişikliklərə gətirib çıxardı. Dəmir yollarının səmərəliliyinə görə, - yenə də Davos Forumuna qayıdıram, - Azərbaycan 11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir. Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib - həm magistral, həm şəhərlərarası, kənd yolları. Bu göstəriciyə görə, yolların keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir və bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Eyni zamanda, keçən il istifadəyə verilmiş Ələt Dəniz Ticarət Limanı da çox böyük infrastruktur obyektidir. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Beləliklə, bu strateji infrastruktur layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən yük daşımalarının həcmi artsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR