Qəbələdə Bum çayı üzərində yeni körpü inşa edilir

#
# 10:55
31 yanvar 2020

Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması çərçivəsində 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində işlərə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata əsasən, Bum çayı üzərində yeni körpünün tikintisi və qəsəbəyə gedən 2 kilometrlik avtomobil yolunun bərpası AAYDA tərəfindən sürətlə aparılır.

Məlumata görə, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metr olacaq. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkilərinin salınması da nəzərdə tutulur.

Hazırda körpünün 13 dayağından 10-da tikinti işləri aparılır. Bundan başqa avtomobil körpüsünün sağ və sol istinad divarlarının təməlqazma işləri də görülür.

Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətrtaf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 km əlavə məsafə qət etməli olurlar.

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR