Rəşad Nəbiyev: "Ölkənin innovasiya ekosistemi təhlil olunmalıdır"

Rəşad Nəbiyev: "Ölkənin innovasiya ekosistemi təhlil olunmalıdır"
# 30 aprel 2021 15:20 (UTC +04:00)

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə çatmaq üçün dörd istiqamətin cərəyan edəcəyini müəyyən edə bilərik.

"APA-Economics" xəbər verir ki, bunu "Təhsildə innovasiyalar və iqtisadiyyat" mövzusunda təşkil olunan dəyirmi masada çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bura, ilk növbədə, tədqiqat və inkişafın gücləndirilməsi, startapların inkişafı və yeni sahibkarlığa dəstək ya ehtiva edən lokallaşdırma və innovasiyaların tətbiqi daxildir.

"Lokallaşdırma deyərkən, hesab edirik, bir sıra sahə var ki, hökumət təklifi gözləmədən tələbi yarada bilər. Azərbaycanda kibertəhlükəsizliklə bağlı artıq mütəxəssislər hazırlanır. Əgər o mütəxəssislər hazırlanırsa, dövlət öz təhlükəsizliyini yalnız fiziki təhlükəsizlikdə görmür. Bu gün dünyada ən aktual məsələlərdən biri kibertəhlükəsizlikdir, burada da biz təklif yaratmaqda israrlıyıq. Bu baxışı reallığa çevirmək üçün atılacaq təxirəsalınmaz addımlar hansılardır? İlk növbədə, hesab edirəm, ölkədə innovasiya ekosistemi təhlil olunmalıdır. Bu təhlil bizə bazarda İT və mühəndislik bacarıqlarına olan tələb və təklifi müəyyən etmək üçün yaxşı bir baza olacaq", - deyə nazir qeyd edib.

O həmçinin əlavə edib ki, bununla yanaşı, ölkənin eyni zamanda tədqiqat və inkişaf potensialı da müəyyən edilə bilər.

"Biz hər zaman gileylənirik ki, ölkədə tədqiqatlar aparılmır və yoxdur. Amma əminəm ki, biz bu məsələyə bir qədər dərindən baxdıqda, o potensialın bəlli bir formada müəyyən edilməsinə və həmin potensialın mövcudluğuna gəlib çıxa bilərik. Təbii ki, sağlam startap ekosistemi, vençur kapitalının mövcudluğu burada həlledici amillərdən olacaq", - deyə R. Nəbiyev qeyd edib.

Nazirin sözlərinə görə, ikinci vacib məqam – təşəbbüskar düşüncəli İT mütəxəssis və mühəndislərin inkişaf etdirilməsidir. Bu istiqamətdə bəzi təxirəsalınmaz addımlar arasında İT və mühəndislik sertifikatlaşma proqramlarının yaradılmasıdır ki, bu yöndə artıq Təhsil Nazirliyi ilə birlikdə fəaliyyət göstərərək bəlli fikirlər var: "Hesab edirik, burada təhsil və elm mərkəzləri yaradıla bilər. İlk olaraq düşünülürdü ki, bu və ya digər formada xaricidə dərs deyən, tədqiqat aparan həmvətənlərimizi və eyni zamanda yaxın qonşu dövlətlərdən tədqiqat sahəsində çalışan insanları cəlb edib, yerli universitetlərdə məktəblərin yaradılması üçün təşviqi addımlar ataq. Amma sonra gəldiyimiz, qənaət ondan ibarətdir ki, bu bir universitet çərçivəsində deyil, universitetlər arası bir tədqiqat mərkəzinin yaradılması, bu işlərin qısa və tez uduşları üçün əlverişli format ola bilər. Daha uzun müddətdə yanaşma isə nədən ibarət ola bilər? Mühəndislik, biznes, maliyyə və İT kimi fənlər arası ali təhsil proqramlarının təşviqin edilməsi. Bu, uzunmüddətli vədədə arzu olunan nəticələri verə biləcək".

Nazirin fikrincə, üçüncü amil ixtiraların kommersiya məhsullarına çevrilməsini təmin edərək, ölkədə dərhal tədqiqat və inkişafı stimullaşdırılmasına başlanılmalıdır.

"Bu xüsusda bu yaxınlarda ölkə başçısının fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Həmin Mərkəzdən hökumətin və cəmiyyətin kifayət qədər böyük gözləntiləri var və əminik ki, gözləntilər özünü doğrultacaq. Yaradılacaq təhsil və elm mərkəzlərində sahəvi və sahələrarası tədqiqatı ölkə daxilində və xaricində olan mövcud potensiala və eyni zamanda tələbata uyğunlaşdırma, hesab edirəm, qarşıda duran əsas vəzifələrdən olmalıdır", - deyə R. Nəbiyev qeyd edib.

O həmçinin əlavə edib ki, tədqiqat düzgün aparılarsa, həqiqi dəyəri olan məhsullar əldə oluna bilər. Nazirin fikrincə, fundamental tədqiqatların aparılması çox vacibdir, amma eyni zamanda tətbiqi tədqiqatların aparılması da xüsusi önəm kəsb edir: "Buna əgər biznes modeli kimi baxsaq, bu, məhsul yetişdirilməsi ilə fundamental tədqiqatların arasında olan bəlli bir kəsişmə nöqtəsi ola bilər".

Dördüncüsü vacib məqam, nazirin sözlərinə görə, müvafiq qanunvericiliyin təkmilləşdirilməsidir. Bura vergilər, tariflər, miqrasiya, təhsil, əmək, sosial təminat və dövlət mülkiyyəti kimi müxtəlif sahələr daxildir: "Dövlət mülkiyyəti dedikdə nə nəzərdə tutulur? Bu gün bizim nazirliyin tabeliyində fəaliyyət göstərən bir neçə bazara kifayət qədər təsir edəcək təşkilatlar, müəssisələr var ki, onlar bu bazarda düzgün dövlət-özəl tərəfdaşlığını təşviq etməklə bu prosesin katalizatoru ola bilərlər".

Nazirin sözlərinə görə, sadalananların hamısı nəticədə startap layihələrinin dəstəkləməsinə, vençur kapitalının təşviq edilməsinə, ağıllı əmək miqrasiyasını cəlb edilməsinə, tədqiqatlara əsaslanan və eyni zamanda çevik tədris proqramlarını təşviq edəcək liberal əmək bazarının yaradılmasına xidmət edəcək.

"Bu gün yerli İT şirkətlərin əsas istehsal vasitəsi insandır və onların xərclərinin də təxminən 70-80%-ni insan kapitalı təşkil edir. Bazara nəzər yetirdikdə, Azərbaycanda İT mütəxəssislərinin tələb etdikləri ödənişlər heç də Avropanın ən inkişaf edən dövlətlərində olan ödənişlərdən və yaxud tələb etdikləri əməkhaqqıdan heç də aşağı deyil. Bu da bizi o fikrə gətirir ki, təklif yerində deyil. Təklif də yerində olmadığı üçün biz dediyimiz həmin o liberal əmək bazarının formalaşdırılmasını təmin etməliyik", - deyə R. Nəbiyev bildirib.

Nazir qeyd edib ki, ortada konkret təşəbbüslər var və bu təşəbbüslərin həyata keçirilməsi üçün bütün səyləri ortaya qoyaraq, qısa müddətdə qeyd olunan uzun vədəli hədəfləri nəzərdən qaçırmayaraq, onları əsas götürərək, qısa uduşları da prioritetləşdirərək, əhəmiyyətli nəticələr əldə oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR