“Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün istifadəyə verilməsi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yükdaşımalarının artırılması üçün imkanları genişləndirəcək”.
“APA-Ekonomics”in məlumatına görə, bunu Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, Samur çayı üzərindən keçən körpü “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidir. Son 10 ayda “Şimal-Cənub” marşrutu ilə daşımalar 60%-dən çox, “Şimal-Qərb” marşrutu üzrə nəqliyyat vasitəsi ilə 53% artıb.
“Bu körpünün istifadəyə verilməsi ilə biz təkcə ölkələrimiz arasında (Azərbaycan və Rusiya – red.) deyil, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yük daşımalarının artırılması üçün imkanları genişləndirəcəyik”, - deyə Ş. Mustafayev qeyd edib.