Saleh Məmmədov: "Bu il ən azı 1000 km yeni yol salınacaq"

Saleh Məmmədov: "Bu il ən azı 1000 km yeni yol salınacaq"
# 15 yanvar 2020 13:01 (UTC +04:00)

"2020-ci il ən azı 1000 km yeni yol salınacaq ki, onların arasında yüzlərlə kənd yollarının salınması və magistral yolların tikintisinin davam etdirilməsi layihələri nəzərdə tutulur".

"APA-Economics"in məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, 2019-cu il ərzində ölkənin ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşən körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.

"Ümumilikdə, 2019-cu il ərzində 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb", - deyə S. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km olan 3 Respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlər arası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.

Hesabat dövrü ərzində ümumilikdə Dövlət Agentliyi tərəfindən 128,9 min ton bitum və 15,6 min ton mazut istifadə edilmiş, 2 343 min ton asfalt-beton istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR