TRACECA-nın Baş katibi dəhlizə daxil olan ölkələrə müraciət edib

TRACECA-nın Baş katibi dəhlizə daxil olan ölkələrə müraciət edib
# 30 aprel 2020 14:16 (UTC +04:00)

Pandemiya şəraitində bütün TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin proqramı) ölkələri tərəfindən məhdudlaşdırıcı tədbirlər göstəriləcəyi təqdirdə yükdaşımaların kollapsının yaranması ehtimalı artır.

"APA-Economics"in məlumatına görə, bu barədə TRACECA-nın Baş katibi Asset Asavbayev "TransLogistica Caspian" sərgi iştirakçıları üçün hazırlanmış müsahibəsində bildirib.

Onun sözlərinə görə, maraqlı fakt ondan ibarətdir ki, ölkələrdə tətbiq edilmiş daha sərt və ya daha yumşaq tədbirlər koronavirusun yayılmasına qarşı mübarizədə, demək olar ki, eyni nəticə göstərir. Yəni daha yumşaq məhdudlaşdırıcı tədbirlər tətbiq edilən ölkələrdə sürücülərin iştirakı ilə yoluxma hallarının artması müşahidə olunmur.

"Biz TRACECA ölkələrini xəbərdar edirik - əgər bütün ölkələr məhdudlaşdırıcı tədbirlər görülərsə, yükdaşımaların kollapsı vəziyyətinin yaranması ehtimalı artır", - deyə Baş katib qeyd edib.

A. Asavbayevin fikrincə, əsas vəzifə ondan ibarətdir ki, TRACECA ölkələrində tətbiq edilən ən yaxşı praktikalara əsaslanan tədbirləri uyğunlaşdırmaqdır.

Qeyd edək ki, Avropa İttifaqının TRACECA – "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

Bununla yanaşı, 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında "Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR