Xüsusi əhəmiyyətə malik Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub

Xüsusi əhəmiyyətə malik Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub
# 05 noyabr 2020 10:37 (UTC +04:00)

Bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi artıq yekunlaşıb.

AAYDA-dan APA-ya verilən məlumata görə, ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğrayıb, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.

Artıq 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurularaq, 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkilib.

Qeyd edək ki, Kələxana kəndi ərazisində yerləşən XVII əsrə məxsus “Kələxana türbələri” dünyanın ən unikal tarixi komplekslərindən sayılır. Bura daxil olan doqquz abidə eyni zamanda orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil etdiyindən olduqca önəmli hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR