ABA: Son illər kibertəhlükəsizlik şirkətlərinə yatırılan investisiyaların həcmi artıb

ABA: Son illər kibertəhlükəsizlik şirkətlərinə yatırılan investisiyaların həcmi artıb
# 29 noyabr 2021 11:39 (UTC +04:00)

"Son illər ərzində kibertəhlükəsizlik şirkətlərinə yatırılan investisiyaların həcmində əvvəlki illərə nisbətən artım müşahidə olunur".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik günü" konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, növbəti illərdə kibertəhlükənin meydana çıxdığı sahələrin daha da genişlənəcəyi gözlənilir ki, bu, bundan sonra da sözügedən sahədə xərclərin artımını qaçılmaz edir.

"Banklar, kredit təşkilatları və digər maliyyə xidməti təqdim edən qurumların həssas məlumatlardan istifadə etdiyi məlumdur və bu da kibercinəyatkarlar üçün həmin sahələri cəlbedici edir. Beləliklə, təhlükəsizliyin əhəmiyyətli olduğu bank sahəsində kiberrisklər ön planda təzahür edir. Təhlükəsizlik banklar üçün hər zaman əhəmiyyətli olub, lakin son zamanlarda yaşanan kiberhücumlar dalğası təhlükəsizliyin əvvəlkindən daha çox diqqətdə saxlanmasını zəruri edir", - deyə Y. Abdulov qeyd edib.

O həmçinin əlavə edib ki, rəqəmsal xidmətlərin genişləndiyi vaxtda informasiya təhlükəsizliyinin təmin edilməsi, risklərin azaldılması, bankların mümkün təhdidlərə hazırlıqlı olması məqsədilə Mərkəzi Bank tərəfindən ABA-nın müvafiq ekspertlərinin də iştirakı ilə "Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası" hazırlanıb və təsdiq edilib.

"2022-ci ildən qüvvəyə minəcək qaydalar beynəlxalq standartları nəzərə almaqla bu sahədə minimum tələbləri müəyyən edir", - deyə Y. Abdulov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR