"Azərbaycan Dəmir Yolları" İSO 45001-2018 standartı sertifikatını alıb

"Azərbaycan Dəmir Yolları" İSO 45001-2018 standartı sertifikatını alıb
# 06 may 2021 11:55 (UTC +04:00)

Standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.

Məlumata görə, cəmiyyət peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Cəmiyyətin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər İSO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.

SGS tərəfindən 12 fevral 2021-ci il tarixində keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İSO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.

Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi tələblərini də əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR