Azərbaycanda biometrik texnologiya ilə kiçik həcmli kreditlər əldə etmək mümkün olacaq

Azərbaycanda biometrik texnologiya ilə kiçik həcmli kreditlər əldə etmək mümkün olacaq
# 26 may 2021 10:57 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və bank olmayan kredit təşkilatı “AzPul” MMC arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, “AzPul” tərəfindən kiçik həcmli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdiriləcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim ediləcək.

Qeyd olunan həll üz tanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək, elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün real vaxt rejimində müştərinin e-imza sertifikatı əldə etməsi, məkandan və zamandan asılı olmadan xidmətdən istifadə, saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür), sistemin istənilən cihaza inteqrasiyası, həmçinin real vaxt rejimində məlumatların əldə edilməsi imkanları verir.

Təklif edilən həll dövlət və özəl sektorun təmsilçiləri tərəfindən istifadə oluna bilər. Ölkədə rəqəmsal transformasiyaya keçid bu texnologiyadan istifadəni daha aktual edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR