Azərbaycanda bu il 52 mindən çox mənzilə dair dövlət reyestrindən çıxarış verilib

Azərbaycanda bu il 52 mindən çox mənzilə dair dövlət reyestrindən çıxarış verilib
# 01 sentyabr 2021 14:00 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 52 193 ədəd mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilib ki, bu da illik ifadədə 10 943 ədəd və ya 26,5% çoxdur.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, son 5 il ərzində ölkədə 303 064 ədəd mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilib. Belə ki, 2016-cı ildə – 44 124 ədəd, 2017-ci ildə – 51 224 ədəd, 2018-ci ildə – 56 522 ədəd, 2019-cu ildə – 76 661 ədəd, 2020-ci ildə isə 74 533 ədəd mənzillərə dair çıxarış verilib.

Bundan başqa, cari ilin yanvar-iyul aylarında Azərbaycanda mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 168 737 təşkil edib. 2020-ci ildə bu rəqəm 237 450-yə bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 10,7% azdır.

Xatırladaq ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, optimallığın artırılması nəticəsində çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1,3, 7, 10 iş günü ərazində verilir.

Əmlak idarəçiliyində xidmətlərin əksəriyyəti elektron üsullarla həyata keçirilir. İstifadəçilər tərəfindən ən çox müraciət olunan elektron xidmət daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 43 elektron xidmətindən 28-i daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.

Azərbaycan Respublikası Prezidentinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi haqqında 29 mart 2019-cu il tarixli Fərmanına əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Qanuna edilmiş dəyişikliyin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakın qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativliyi və optimallığı artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR