Azərbaycanda proqram təminatı bazarında piratlığın səviyyəsi azalıb - Microsoft

Azərbaycanda proqram təminatı bazarında piratlığın səviyyəsi azalıb - Microsoft
# 07 dekabr 2021 12:51 (UTC +04:00)

"Microsoft Azerbaijan" şirkəti Azərbaycanda proqram təminatı bazarında piratlıq səviyyəsini 70% ətrafında qiymətləndirir.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, bazarda qeyri-leqal proqram təminatlardan istifadədə azalma müşahidə olunur.

"IDC (International Data Corporation) adətən bu hesabatları mütəmadi olaraq təqdim edirdi. Son hesabat 2018-ci ildə dərc olunub və o vaxtdan bəri aparılmır. IDC-nin son hesabatında ölkədə piratlıq 81% səviyyəsində qiymətləndirilmişdir. Bu məsələlərin metodologiyası da dəyişib. Şirkətlərin əksəriyyəti bulud həllərinə keçdiyinə görə piratlığın səviyyəsini başqa metodologiya ilə hesablamaq lazımdır. Bizim öz hesablamalarımıza görə, bu, rəsmi olmasa da, təxminən 70% ətrafındadır", - deyə Q. Mirzəyev qeyd edib.

Ekspert hesab edir ki, bir tərəfdən dövlət qurumlarında, eləcə də təhsil müəssisələrində proqram təminatları lisenziyaların geniş tətbiqi, digər tərəfdən isə bulud həllərinə keçid proqram təminatı bazarında piratlığın səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

"Bildiyiniz kimi, "bulud"da seriya nömrəsi və açardan istifadə edilmir. Avtorizasiya istifadəçi ID-si ilə aparılır. Belə olan təqdirdə isə heç bir istifadəçinin marağında deyil ki, o, öz elektron poçtuna daxil olduğu login və parolu kənar şəxsə versin. Buna görə, buluda keçid birmənalı olaraq piratlığın qarşısını alır və insanların leqal proqram təminatların istifadə etmələrinə şərait yaradır", - deyə Q. Mirzəyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR