"Azərmarka" "Azərpoçt"a birləşdirilir

"Azərmarka" "Azərpoçt"a birləşdirilir
# 23 iyul 2021 15:16 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buna əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq “Azərpoçt” MMC yenidən təşkil ediləcək.

Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan “Azərpoçt” MMC yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

Qeyd edək ki, “Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.

Yuxarıda qeyd edilən işlər bundan sonra “Azərpoçt” MMC-nin tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR