Bakı-Ankara aviareysi üzrə uçuşların sayı artırılır

Bakı-Ankara aviareysi üzrə uçuşların sayı artırılır
# 25 may 2021 15:05 (UTC +04:00)

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakı-Anakara-Bakı marşrutu üzrə uçuşların sayını artırır.

"Buta Airways"dan "APA-Economics"ə verilən məlumata görə, 19 iyun tarixindən Bakıdan Ankaraya uçuşların sayı artırılacaq. Həmin tarixdən etibarən "Buta Airways" aviaşirkəti tərəfindən Türkiyənin paytaxtına uçuşlar həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri "Airbus" təyyarələri ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda sözügedən aviareys üzrə həftədə iki uçuş yerinə yetirilir – bazar ertəsi və cümə axşamı günləri.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm də gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR