Bakı metrosunda yeni tunel yolu qurulur

Bakı metrosunda yeni tunel yolu qurulur
# 17 noyabr 2021 13:39 (UTC +04:00)

Bakı metropoliteninin “Cəfər Cabbarlı-Xətai” mənzilində yeni tunel yolu qurulur.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, avqust ayında “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai” stansiyası istiqamətindəki tunelin 481 m hissəsində ağac şpalların sökülməsi başa çatıb. Yol yeni infrastrukturun qurulması üçün hazır vəziyyətə gətirilib.

Yeni yol infrastrukturunun qurulması tunel dərinliyindən stansiya yoluna doğru olmaqla təşkil edilib. Texnoloji prosesə uyğun olaraq, birinci mərhələdə təmas relsi, yol relsi sökülüb və yol betonu dağıdılaraq şpallar çıxarılıb. Sərt özül yolun profilinin tələb etdiyi yerlərdə dağıdılaraq yeni özülün betonun əlavə edilməsi üçün hazırlanıb.

Birinci mərhələ çərçivəsində çəkiləcək yeni yolun beton məhlulunun verilməsi üçün yerlər təyin edilib. Bu məqsədlə ötürmə kanalları müəyyən edilib, konstruksiyalar qurulub.

İkinci mərhələ yol yatağının, konstruksiyaların hündürlüyü, əndazə tələbləri, dəmir-beton blokların səviyyəsi və digər əhəmiyyətli məsələlər müntəzəm nəzarət altında saxlanılaraq, ölçmələr və dəqiqləşdirmə işləri daimi olaraq aparılır.

Yeni yol yatağının müvafiq normalar çərçivəsində möhkəmlənərək qurulmasından sonra yollarda yoxlama-nəzarət işləri aparılacaq. Yeni müasir tipli üst-quruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə yeni yol infrastrukturu qurulacaq. Bu işlər diaqnostik müayinələr və sınaq işləri ilə tamamlanacaq.

Bununla, Bakı metropoliteninin tarixində ilk dəfə istismarda olan tuneldə dəmir-beton bloklar ağac şpalları əvəz edəcək. Yeniləşmə daha sonra “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolunun 155 metr hissəsində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR