Bakının Ağa Nemətulla küçəsi təmir edilir - FOTO

Bakının Ağa Nemətulla küçəsi təmir edilir - FOTO
# 02 dekabr 2021 13:42 (UTC +04:00)

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən Ağa Nemətulla küçəsi təmir edilir.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 1,8 km təşkil edən küçədə aparılan yenidənqurma işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, üzərinə tamet daşlar döşənir, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülür, xüsusi parkinq yerləri yaradılır.

Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilir.

Layihə çərçivəsində həmçinin səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək

Sadalanan işlər artıq küçənin Mirzə Uluqbəy və Fətəli Xan Xoyski küçələri arasında yerləşən 480 metr uzunluğa malik hissəsində yekunlaşıb. Küçənin sözügedən hissəsində 6 460 kv. metr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Hazırda əsaslı təmir işləri küçənin Fətəli Xan Xoyski küçəsi ilə Heydər Əliyev prospekti arasında yerləşən hissəsində davam etdirilir.

Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur.

Ümumilikdə, cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR