Deputat: “Füzuli aeroportu Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir”

Deputat: “Füzuli aeroportu Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir”
# 26 oktyabr 2021 13:50 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirilib. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdiyini qeyd edən deputat bildirib ki, bu, ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur: “Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq.

Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu da o deməkdir, xarici və yerli nümayəndə heyətləri hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcək. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.

V. Bayramov vurğulayıb ki, Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir: “İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR