IATA-nın yeni mobil əlavəsi Azərbaycanda tətbiq edilə bilər

IATA-nın yeni mobil əlavəsi

© APA | IATA-nın yeni mobil əlavəsi

# 13 may 2021 13:34 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ölkə hökuməti ilə birlikdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hazırladığı universal IATA Travel Pass platformasının sınaqdan keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

"APA-Economics"ə AZAL-dan verilən məlumata görə, qeyd edilən məsələyə həsr edilmiş və videokonfrans formatında keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, AZAL və IATA rəhbərliyi iştirak ediblər.

Görüş zamanı qeyd olunub ki, mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq.

“Biz uzun illərdir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə uğurla əməkdaşlıq edirik. IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir. Bu mobil əlavəni tətbiq edəcək ilk aviaşirkətlər sırasında olduğumuza görə IATA-ya təşəkkürümüzü bildiririk” – deyə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov qeyd edib.

“IATA Travel Pass mobil əlavəsinin sınaq mərhələsində tətbiqi çərçivəsində Azərbaycan hökuməti və milli aviadaşıyıcısı ilə əməkdaşlığımızdan qürur duyuruq. Bu kimi rəqəmsal həllərin sınaqdan keçirilməsi ilə pandemiya dövründə beynəlxalq aviadaşımaların təhlükəsiz şəkildə bərpa olunmasına ümid edirik. Sərhədi keçən zaman belə bir mobil əlavənin istifadə etməsi həm sərnişinlərə, həm də hava yollarına, eyni zamanda ölkə hökumətinə faydalı olmasını nümayiş etdiririk”, - IATA-nın hava limanları, təhlükəsizlik, sərnişin və yük daşınması üzrə baş vitse-prezidenti Nik Karin bildirib.

Qeyd edək ki, IATA Travel Pass sərnişinlərin məlumatlarının yoxlanılması, səyahətə olan tələblərə dair milli qaydaların müəyyən edilməsi üçün mobil əlavəsidir. Mobil əlavə hökumətlər, aviaşirkətlər, laboratoriyalar və səyahətçilərin özləri arasında əməkdaşlıq yolu ilə testləşdirmə və peyvəndləmə barədə zəruri informasiya axınını yoxlamağa və nəzarət etməyə imkan yaradacaq.

Sözügedən mobil əlavənin necə işləməsi barədə daha ətraflı məlumatı aşağıdakı link üzrə videoçarxda əldə etmək mümkündür: https://youtu.be/F_4mh9MSYuQ

Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR