Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib
# 19 avqust 2021 12:52 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramına seçimlər başa çatıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qeydiyyatdan keçən 400-ə yaxın namizəddən müsahibə əsasında 30 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb.

Seçilən namizədlərlə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı təcrübə proqramının iştirakçıları üçün yaradılan şərait haqqında məlumat verilib, onlardan gözlənilən hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, dünyada, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik ən aktual məsələyə çevrilib. Buna görə də sözügedən sahədə yerli mütəxəssislərin hazırlanması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi Məlumat Hesablama Mərkəzi üçün prioritetlərdəndir.

Görüş zamanı iştirakçılar bildirib ki, mentorların köməyi və yaradılan iş mühiti onların kibertəhlükəsizlik üzrə mütəxəssis kimi yetişməsində mühüm rol oynayacaq. Bundan əlavə, təcrübə proqramı müddətində iştirakçılar bir-biriləri ilə bilik mübadiləsi aparacaqlarını da düşünürlər.

Qeyd edək ki, iştirakçılar əsasən kiberhücumların simulyasiyası ilə bağlı praktiki biliklərə yiyələnəcəklər. Bununla yanaşı, vaxtın idarə edilməsi, effektiv komanda işi kimi bacarıqların formalaşdırılması təlimlərində də iştirak edəcəklər.

Təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR