Kürdəmirdə iki kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - VİDEO

Kürdəmirdə iki kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - VİDEO
# 12 noyabr 2021 14:18 (UTC +04:00)

Kürdəmir rayonunun Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işləri sürətlə davam etdirilir.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, başlanğıcını Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğu malik Qarasaqqallı-Cəyli yolu Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirir.

Məlumata görə, Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq qeyd olunan problem aradan qaldırılır, çünki yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

13 km uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından yol əsasının tikintisi işləri həyata keçirilib.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsi çərçivəsində artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 80 min kv.m-dən çox ərazini əhatə edir.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək.

Bu tədbirlərin icrası, ilk növbədə, Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR