M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin ikinci hissəsi aparılır - FOTO

M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin ikinci hissəsi aparılır - FOTO
# 01 iyun 2021 13:14 (UTC +04:00)

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq “VAZ dairəsi” deyilən ərazidən başlayaraq Ceyranbatan qəsəbəsi istiqamətində 4 km-lik hissədə qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Növbəti 1 km-lik hissədə isə sadalanan işlər davam etdirilir.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR