Metronun daha bir deposunun tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir - FOTO

Metronun daha bir deposunun tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir - FOTO
# 01 dekabr 2021 13:19 (UTC +04:00)

Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən Bənövşəyi xəttinin deposunda tikinti işləri davam edir. Deponun inşası xəttin inkişaf planına uyğun olaraq iki mərhələyə bölünüb. Artıq birinci mərhələ üzrə tikinti həlledici dövrə qədəm qoyub.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, metro tikinti normalarına uyğun olaraq, hər bir xəttin öz deposu olmalıdır. Depoda xəttin qatarlarına texniki baxış, xidmət, qulluq və təmir göstərilir. Eyni zamanda xəttin bir çox infrastruktur məsələləri, o cümlədən gecə növbələrində tunel və stansiyalarda qulluq və təmir işləri, texnoloji prosesləri depodan hərəkətə gətirilməklə başlanır.

Deponun tikintisi hazırda Xocəsən qəsəbəsində 21,7 hektar ərazidə aparılır. Ərazi perimetr boyunca ümumi uzunluğu 2 400 metr olan hasarla əhatə edilib. İki metrlik hasarın böyük bir hissəsi relyef şəraitinin xüsusiyyətinə görə istinad divarı üzərində tikilib. Cənub-qərb tərəfdən bu divarın hündürlüyü 8-9 metrə çatır və ərazini qarşıdakı yüksəkliyin torpaq qatının təzyiqindən qoruyur.

Tikintinin birinci mərhələsinin sonunda təsərrüfat qatarlarının təmiri üçün nəzərdə tutulan sahə birinci mərhələdə həm də sərnişin qatarlarına xidmət göstərəcək. Bu işin təşkil edilməsi məqsədilə müvafiq infrastruktur qurulmalıdır. Motodepo korpusunun bir hissəsində texniki və məişət otaqları iki yarusda yerləşdiriləcək. Sahənin əsas konstruksiya quraşdırılması başa çatdırılıb. Növbəti işlər sahənin sendviç tipli panellərlə örtüklənməsi olacaq.

“Avtovağzal” stansiyasından gələn xətti depoya birləşdirən uzunluğu 1112 m və 1235 metr olan tunellər bütün lazımi qurğu və avadanlıqlarla təchiz olunub. Bununla Bənövşəyi xəttin qatarlarına xidmət üçün əlverişli şərait yaradılıb. Zəruri hallarda “Avtovağzal-Xocəsən deposu” sahəsinin bir yoluna 825 V gərginlik də verilir. Qatarlar həmin yolla depo ərazisinə çıxarılaraq qaldırma təmiri ilə bağlı işlərə cəlb edilir. Onu da əlavə edək ki, sərnişin qatarlarına xidmət sahəsinin yaradılması tikintinin ikinci mərhələsində yerinə yetiriləcək.

Deponun 35 kVt-lıq elektrik yarımstansiyasında inşaat işləri başa çatıb və hazırda orada elektrik təchizatı avadanlıqları quraşdırılır. Bundan savayı, “Nərimanov” elektrik deposunda olduğu kimi, hərəkətin idarəolunma mərkəzi də unikal layihə əsasında inşa olunub. Hazırda 5 mərtəbədən ibarət olan binanın daxilində son tamamlama işləri başlanıb.

Ərazidə 500 kubmetr həcmli yanğın və 240 kubmetrlik içməli su anbarlarının inşası da yekunlaşıb. Kabel kollektorlarından kabellərin yarımstansiyaya doğru aparılması, kanalizasiya sisteminin qurulması da tamamlanmaq üzrədir.

“Azərbaycan dəmiryolu magistralından depoya ayrılan budaq Bənövşəyi xətti xarici aləmlə birləşdirir. Avadanlıq, hərəkət vahidləri, rels və beton şpallar, mal və materiallar depoya bu yolla daxil olur. Onu da qeyd edək ki, gələcəkdə bütün yükləri qəbul etmək üçün nəzərdə tutulan yük yeri də hazır vəziyyətə gətirilib. Ümumilikdə, bütün işlər planlaşdırılmış qaydada davam etdirilir”, - “Bakı Metropoliteni” QSC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR