Millət vəkili: “Ağıllı kənd” konsepsiyası ilə qurulacaq işğaldan azad edilmiş ərazilər Azərbaycanın yeni cazibə mərkəzinə çevriləcək”

Deputat Rüfət Quliyev

© APA | Deputat Rüfət Quliyev

# 20 may 2021 15:41 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ağıllı kənd” (Smart Village) və “Ağıllı şəhər” (Smart City) konsepsiyası əsasında qurulacaq. İlk “Ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Dövlət başçısının 24 aprel tarixli sərəncamına əsasən, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması üçün İşçi qrup da yaradılıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi dayanıqlı inkişafın əsas prioritetlərindəndir: “Sərəncamda da qeyd olunur ki, müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin, innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-biri ilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır”.

Millət vəkili deyib ki, 20 il əvvəl Azərbaycanda ən inkişaf etmiş region Abşeron yarımadası, Bakı şəhəri idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramların həyata keçirilməsi nəticəsində regionların inkişafı faktiki Abşeron yarımadası, Bakı ilə eyni səviyyəyə çatıb: “Bu, praqmatik addım idi. İndi biz Qarabağda “Ağıllı kənd” layihəsini həyata keçirəndən sonra Azərbaycanın digər bölgələrində də “Ağıllı kənd” (Smart Village) layihələrini daha rahat formada tətbiq edə biləcəyik”.

R. Quliyev qeyd edib ki, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur. Onun sözlərinə görə, “Ağıllı kənd” layihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri və innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir: ““Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. “Ağıllı kənd”in təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir”.

Millət vəkili nəzərə çatdırıb ki, bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir: ““Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq. “Ağıllı kənd” həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq. Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək “Ağıllı kənd” layihəsi Böyük Qayıdış Proqramının uğurla reallaşdırılmasını təmin edəcək. Beləliklə, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası ilə qurulacaq işğaldan azad edilmiş ərazilər Azərbaycanın, regionun, hətta dünyanın yeni cazibə mərkəzlərindən birinə çevriləcək. Qazanılan təcrübə isə növbəti mərhələdə ümumən Azərbaycanda “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması üçün əlverişli zəmin yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR