Millət vəkili: "Azərbaycanın gələcəyinə olan inam xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək”

Millət vəkili: "Azərbaycanın gələcəyinə olan inam xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək”

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 01 iyul 2021 17:35 (UTC +04:00)

“Bu gün Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqzı bildirib.

M. İbrahimqızı deyib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək: “Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizin ümumi daxili məhsulunun strukturunda neft sektoru artıq üstünlük təşkil etməsə də, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsullarıdır. Ona görə də islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Azərbaycan bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli, buna hazır olmalı idi və bu gün biz buna hazırıq. O da nəzərə alınmalıdır ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Bu baxımdan dövlət başçısı yenə də uzaqgörənliyi ilə fərqləndi. Prezident İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq sərəncam imzaladı, 2018-ci ildə qanun qəbul edildi. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. O da xüsusi olaraq nəzərə alınmalıdır ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb, pandemiya dünya iqtisadiyyatına mənfi təsir göstərib. Dövlət başçısının da qeyd etdiyi kimi, belə bir tarixi məqamda bu addımı atmaq, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. 2018-ci ildə isə artıq praktiki işlərə başlanılıb, 850 hektarlıq ərazi ayrılıb, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilib, işçi qrup yaradılıb və artıq işlər praktik müstəviyə keçib. Pandemiya planlarımızı bir qədər təxirə salsa da, indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Bu gün bu təməlqoyma mərasiminin keçirilməsi də artıq Azərbaycanın buna tam hazır olduğunu, bu istiqamətdə görülən işlərin vaxtında başa çatacağını ortaya qoyur”.

Millət vəkili qeyd edib ki, Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir və bu səbəbdən logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir: “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır, bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əsas şərtlərdən biridir. Digər vacib məsələ müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Dövlət başçısının da vurğuladığı kimi, potensial investorlar ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdədir, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. İnvestorlar üçün isə investisiya iqlimi və infrastruktur layihələri çox önəmli şərtlərdir”.

M. İbrahimqızı son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradıldığına da diqqət çəkib: "Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramları çərçivəsində dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub, onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Yəni kadr potensialı var, bu da investorları cəlb edəcək. Eyni zamanda Azərbaycanda təhlükəsizlik təmin edilir, investorlar üçün bu amil də çox önəmlidir. O da nəzərə alınmalıdır ki, Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu amil də çox önəmlidir. Ümumiyyətlə, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir”.

Millət vəkili Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq yeni bir vəziyyət yaratdığını qeyd edib: “Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və Azərbaycanın gələcəyinə olan inam xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR