Nazir müavini: "Dəniz nəqliyyatına aid obyektlərlə bağlı hüquqi baza yaradılacaq"

Nazir müavini: "Dəniz nəqliyyatına aid obyektlərlə bağlı hüquqi baza yaradılacaq"
# 13 oktyabr 2021 11:50 (UTC +04:00)

Azərbaycanda "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxsin yaradılması ilə dəniz nəqliyyatı sahəsində tənzimləmənin və nəzarətin mərkəzləşdirilmiş qaydada effektiv həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi təmin ediləcək.

Bunu "APA-Economics"ə müsahibəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, dəniz limanlarında dövlət nəzarətinin həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mümkün olacaq.

"Bununla yanaşı, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi müvafiq tariflər – dəniz üzgüçülüyünün təhlükəsizliyi xidməti – gəmi, bələdçi, kanal, lövbər, naviqasiya və mayak yığımları əsasında gəlir əldə edir. Bu səbəbdən digər iki qurumun – Dövlət Dəniz Agentliyinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi və texniki təminatının gücləndirilməsi, həmçinin dəniz nəqliyyatı sahəsində peşəkar mütəxəssislərin Agentliyin fəaliyyətinə cəlb edilməsi mümkün olmur. Qurumun yaradılması bu məsələlərin də müsbət həllinə öz töhfəsini verəcək", - deyə R. Hümmətov qeyd edib.

Nazir müavini əlavə edib ki, hazırda ölkədə fəaliyyət göstərən, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində qeydiyyata alınan 5 dəniz limanında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dövlət Dəniz Agentliyi tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görülür və dövlət nəzarəti təmin edilir.

"Bunlardan əlavə, gəmilərin giriş-çıxış etdiyi 12 məntəqədə də qeyd edilən funksiyalar təmin edilməklə Agentliyin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərilir, həmçinin gəmilərin giriş-çıxışı rəsmiləşdirilir. Lakin həmin məntəqələrin statusu qanunvericilikdə müəyyən olunmayıb. Dəniz nəqliyyatı sahəsinə aid olan həmin obyektlərə dəniz əməliyyatları bazası statusu verilməklə qeydiyyata alınmasının, həmin obyektin anlayışı və ona dair tələblərin müəyyənləşdirilməsi məqsədilə hüquqi baza yaradılacaq", - deyə R. Hümmətov qeyd edib.

O həmçinin bildirib ki, istər limanlarda, istərsə də dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarəti funksiyaları Agentliyin struktur bölməsi, digər qismi isə Agentliyin tabeliyindəki qurum vasitəsilə həyata keçirilir. Bu, fəaliyyətin effektivliyinə maneə yaradır: "Dövlət Dəniz və Liman Agentliyinin yaradılması dəniz nəqliyyatı sahəsində islahatların aparılmasına, uyğunsuz məsələlərin həllinə və sahənin inkişafına imkan yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR