Nazir müavini: "Qarabağda elektromobillərdən istifadə təmiz ətraf mühitin formalaşmasına töhfə verəcək"

Sahib Ələkbərov

© APA | Sahib Ələkbərov

# 06 dekabr 2021 11:26 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində ekoloji təmiz nəqliyyat vasitələrindən, əsasən də elektrik mühərrikli avtomobillərdən istifadə də daha təmiz ətraf mühitin formalaşdırılmasına öz töhfəsini verəcək.

"APA-Economics" xəbər verir ki, bunu "İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları" mövzusunda Şamaxı rayonunda təşkil olunan konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

"Bu gün biz müsbət bir nümunə kimi qeyd edə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə müasir elektrik şəbəkələri qurulur, tikilmiş yarımstansiyalar məsafədən idarəolunan SCADA (dispetçer nəzarəti və məlumatların toplanması) Dispetçer İdarəetmə sisteminə qoşulur və burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilir. Bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi məqsədilə dünyanın müxtəlif aparıcı şirkətləri ilə beynəlxalq tərəfdaşlıq əlaqələri də möhkəmlənməkdədir. Bu baxımdan Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə Energetika Nazirliyi və BP şirkəti arasında əməkdaşlığa dair imzalanmış İcra Müqaviləsini də qeyd etmək yerinə düşərdi. Bu sənəd işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb", - nazir müavini bildirib.

S. Ələkbərov xatırladıb ki, erməni işğalından azad edilmiş ərazilərdə bərpa və yenidən qurulma işləri çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ yanaşmaların tətbiqi üzərində qurulan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur: "Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan, yeni texnologiya və innovasiyaların tətbiqinə əsaslanan sosial-iqtisadi inkişafın təmin olunduğu "ağıllı" kənd konsepsiyasının tətbiqi və həyata keçirilməsi bu sahədə bir örnək hesab oluna bilər. Sonrakı mərhələlərdə sosial infrastruktur və xidmətlərin təşkilinə, "ağıllı" biznes modellərinin yaradılması və innovativ idarəetmənin reallaşdırılmasına söykənən "yaşıl enerji" zonası və "ağıllı" konsepsiyalarının bölgənin digər ərazilərində də tətbiqi planlaşdırılır".

Nazir müavini qeyd edib ki, layihənin icrası əsasən 5 komponent üzrə – yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri üzrə aparılacaqdır. Yaxın vaxtlarda innovativ tikinti materiallarından istifadə olunmaqla inşa edilən 200 evdən ibarət Ağalı kəndinə əhalinin köçürülməsinə başlanacaq. Növbəti mərhələdə Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində yeni salınacaq "Ağıllı kənd" layihəsi çərçivəsində yaşıl enerji, "ağıllı idarəetmə" sistemi tətbiq edilməklə ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR