Qarabağın bərpasına əsasən inşaat və İKT şirkətləri maraq göstərir - SORĞU

Qarabağın bərpasına əsasən inşaat və İKT şirkətləri maraq göstərir - SORĞU
# 23 sentyabr 2021 13:06 (UTC +04:00)

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən 110 xarici şirkət arasında aparılan sorğuda şirkətlərin 17%-i Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, dağılmış infrastrukturun yenidən qurulması prosesinin bir hissəsi olmaqda maraqlı olduqlarını bildirib.

Bu barədə "APA-Economics" "AHK Azərbaycan"ın "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı hesabatına istinadən məlumat verir.

Bildirilir ki, sözügedən 17%-in içində inşaat və İKT sektorunda fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir. Respondentlərin 43%-i bu prosesdə iştiraklarının öz fəaliyyətlərinə uyğun layihələrin mövcudluğundan asılı olduğunu, bizneslərin 22%-i isə hesab edir ki, onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində iştirak gələcəkdə mümkün ola bilər.

Sənəddə qeyd edilir ki, şirkətlərin üçdə biri layihələrdə baş podratçı/subpodratçı qismində iştirak etməyi üstün tutur.

Qeyd edək ki, sorğuda ümumilikdə 130 şirkət iştirak edib (20-si Azərbaycanı təmsil edib), xarici respondentlər 19 ölkəni təmsil edib. İştirak edən əsas xarici şirkətlərin 28%-i Almaniyadan, 11%-i Böyük Britaniyadan, 11%-i ABŞ-dan, 6%-i İsveçrədən 5%-i isə Türkiyədən olub.

Xatırladaq ki, "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" AHK Azərbaycanın KPMG Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. Bu ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir. Onlayn keçirilən bu sorğu ümumi, mövcud iqtisadi vəziyyət, və eləcə də yaxın gələcəkdəki iqtisadi perspektivlərlə bağlı əsas məlumatları əhatə edən 21 sualdan ibarətdir. Sorğuya həmçinin ölkədəki investisiya mühitini və ölkəyə xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların paralelində, davam edən iqtisadi islahatların səmərəliliyinə dair suallar daxil edilib. Ən son yenilikləri nəzərə alaraq, bu ilki nəşrdə bəzi suallar bir qədər dəyişdirilib və şirkətlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi canlanmasında iştirak etmək niyyətlərini anlamaq üçün iki yeni sual da sorğuya əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR