Şabranda Padar avtomobil yolu yenidən qurulub - FOTO

Şabranda Padar avtomobil yolu yenidən qurulub - FOTO
# 12 oktyabr 2021 13:03 (UTC +04:00)

Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6 km-cı km-dən ayrılan Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan yenidənqurma işləri yekunlaşdırılıb.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, Şabran rayonunun Padar kəndinə gedən avtomobil yolunun uzunluğu 2500 metr təşkil edir. Yolun əsaslı şəkildə IV texniki dərəcəyə uyğun yenidən qurulması 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edib.

Qeyd olunur ki, yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.

Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR