Şahin Mustafayev: “Davamlı su təminatı üçün tədbirlər planı tam icra olunmalıdır”

Şahin Mustafayev: “Davamlı su təminatı üçün tədbirlər planı tam icra olunmalıdır”

© APA | Şahin Mustafayev

# 23 iyun 2021 13:43 (UTC +04:00)

“Qlobal iqlim şəraiti pisləşir, orta temperatur artır və su qıtlığı hər yerdə hiss olunur”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır: “Məhz buna görə də Prezident İlham Əliyev 2020-ci il aprelin 15-də müvafiq dövlət strukturlarının nümayəndələrindən ibarət su məsələləri ilə məşğul olan Komissiya yaratdı və Komissiya dərhal fəaliyyətə başladı. Həmin il iyulun 27-də Prezident artıq müvafiq tədbirlər planı təsdiq etdi. O tədbirlər planı 2020-2021-ci illəri əhatə edirdi. Biz artıq bu ilin sonuna qədər gördüyümüz işlərlə bağlı hesabatlar hazırlayacağıq ki, hansı tədbirlər davam edəcək. Əminəm ki, nəticələr əldə olunacaq. Mən bir məqamı vurğulamaq istəyərdim. Bu il keçən ildən də az su gəlir. Kür çayına baxsaq, may ayında Kür çayının əsas gursulu dövrü hesab olunur. May ayında qar əriyir, yağışlar olur. Keçən ilə nisbətən bu il Kür çayına 18 faiz az su daxil oldu. Digər çaylarda da su az oldu. Bu il Araz çayına da gələn su keçən illə müqayisədə dəfələrlə azdır. Buna baxmayaraq, müvafiq tədbirlər həyata keçirildi, qış fəslində sudan səmərəli istifadə sahəsində işlər görüldü. Optimal rejim müəyyən olundu, gündəlik nəzarət təmin edildi. Bunun hesabına əgər bizim keçən il 2,6 milyard kubmetr faydalı su həcmimiz vardısa, bu il may ayının əvvəlinə artıq faydalı su həcmini 4,8 milyard kubmetrə qaldırdıq. Biz buna təkcə idarəetmənin təkmilləşdirilməsi və nəzarət hesabına nail olduq. Bu, bizə imkan verdi ki, artıq may ayında əsas su arteriyalarından - Yuxarı Qarabağ kanalından saniyədə 113 kubmetr su buraxaq, keçən il isə saniyədə 50 kubmetr buraxa bilirdik, Yuxarı Şirvan kanalından 30 kubmetr əvəzinə 70 kubmetr su buraxdıq. Kür çayının məcrası ilə də təxminən saniyədə 130 kubmetr su buraxdıq. Bu da keçən illə müqayisədə əhəmiyyətli dərəcədə artıqdır. Görülən işlər bizə hələ iyun ayında da artıq su buraxmağa imkan verir. İyun ayında keçən illə müqayisədə təxminən 25 faiz artıq su buraxırıq. İnanırıq ki, sentyabr ayının sonuna qədər kənd təsərrüfatını lazım olan su ilə təmin edəcəyik”.

Bununla elə, Baş nazirin müavini vurğulayıb ki, davamlı su təminatı üçün tədbirlər planı tam icra olunmalıdır: “Yəni, əlavə su tutarları yaradılmalı, su ehtiyatları artırılmalı, sudan səmərəli istifadə olunmalıdır. Su itkilərin də azaldılması istiqamətində işlər görülməlidir. Eyni zamanla əsas su arteriyalarında təmir-bərpa işləri həyata keçirilməlidir. Bizim su kanallarının əksəriyyəti torpaqdandır, bunların hamısının üzlənməsi prosesi həyata keçirilməlidir. Eyni zamanda hər kəs sudan qənaətlə istifadə etməli, hətta məişətdə belə sudan qənaətlə istifadə olunmalıdır. “Su həyatdır” deyimi təsadüfi deyil. Azərbaycanın resursları da məhduddur, bu baxımdan qıtlıq var. Ona görə də hər kəs öz fəaliyyətində, məişətdə sudan qənaətlə istifadə etsə, bu da ümumi işin xeyrinədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR