Şəki və Yevlaxda 19 km uzunluğa malik dörd kəndin yolu əsaslı şəkildə yenidən qurulub - FOTO

Şəki və Yevlaxda 19 km uzunluğa malik dörd kəndin yolu əsaslı şəkildə yenidən qurulub - FOTO
# 17 iyul 2021 11:02 (UTC +04:00)

Bir neçə aydır ki, Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində 10 kənd yolu layihəsinin icrasına start verilib. Artıq həmin kənd yollarının bir-çoxunda yenidənqurma işləri tamamlanıb. Bu Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kəndlərinin, Yevlax rayonunda isə Qaraoğlan və Quşçu kəndlərinin yollarıdır.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında deyilir.

Bildirilir ki, Azərbaycanla Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınmışdı.

AAYDA tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61,7 km-dir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3,5 metr olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1,5 metr olmaqla 3 metrə bərabərdir.

Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5,2 km olan Təpəcənnət yolunda 14 ədəd, 6,2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Ardınca isə hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib”, - məlumatda deyilir.

Layihəyə uyğun olaraq Yevlax rayonunda da iki kənd yolunun yenidən qurulması icra olunaraq yekunlaşdırılıb. Bu 4,4 km uzunluğa malik Qaraoğlan və 3,2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilib. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunub. Ardınca isə hər iki yola iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd, Ağcabədi rayonu Şənlik kənd yollarının yenidən qurulması isə son mərhələ üzrə davam etdirilərək yekunlaşdırılır.

Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa əhali tərəfindən yetişdirdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində kənd əhalisinin sosial həyat şəraitinə müsbət təsir etmiş olacaq.

Qeyd edək ki, tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir.

Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR