"Ağıllı kənd" yeni həyat tərzinə çevrilə bilər - FOTO

"Ağıllı kənd" yeni həyat tərzinə çevrilə bilər - FOTO
# 31 may 2021 16:30 (UTC +04:00)

Azərbaycanın işğaldan azad olunmuş şəhər və rayonlarında yaxın gələcəkdə bir sıra layihənin icrası gözlənilir. Bölgədə müxtəlif layihələrin reallaşması nəticəsində həmin ərazilərdə təhlükəsizlik, sağlamlıq, ətraf mühit, sosial əlaqələr və iş yerlərinin idarə olunması kimi bir sıra göstəriciyə müsbət təsir etmək mümkün olacaq.

Belə layihələrdən biri də Zəngilan rayonunun Üçüncü Ağalı kəndində həyata keçiriləcək “Ağıllı kənd” (“Smart Village”) layihəsidir. Layihə beş komponentdən ibarətdir: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ energetika. Kəndin enerjiyə olan tələbatı tam olaraq alternativ enerji mənbələri vasitəsilə ödəniləcək. “Ağıllı kənd” platforması texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çox şaxəli təşəbbüsdür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir.

Ümumiyyətlə, dünyada analoji layihələrin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə insan axınının qarşısını almaqdır. Belə ki, layihə çərçivəsində kənd yerlərində insanlar üçün elə şərait yaradılır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdən də rahat çıxışı olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılır. Bununla yanaşı, kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şərait formalaşdırılır. Beləliklə, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qaldırılır.

Zəngilanın Üçüncü Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsinin əsas komponentləri innovasiya əsaslı “ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulan tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə-tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.

“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, istiyə və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir. “Ağıllı kənd” həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə – alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Bu gün dünyada kənd təsərrüfatı sahəsində artıq əl əməyindən istifadə minimuma endirilib, daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır. Bununla yanaşı, “ağıllı kənd”lərdə su ehtiyatlarına qənaət edilməsi məsələsi də diqqət mərkəzində olacaq. Belə ki, bu kəndlərdə “ağıllı” suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr su istehlakını arzuolunan səviyyədə saxlamağa imkan yaradacaq.

Xatırladaq ki, Azərbaycanın azad edilən ərazilərində “yaşıl enerji” zonası yaradılacaq və həmin ərazilərdə “ağıllı” istehlak sistemlərinin tətbiqi Qarabağda yeni həyat standartının formalaşmasına imkan verəcək.

Bütün bu proseslər bir mərkəzdən idarə ediləcək. Texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan yaradacaq. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.

Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Layihənin işğaldan azad olunan ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə səbəb olacaq.

Ümumiyyətlə, “Ağıllı kənd” konsepsiyası, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, texnoloji, maliyyə və təhsil metodologiyalarından istifadə edərək, kəndlərdə enerji əldə etmək üçün real maneələrlə mübarizə aparmaq məqsədi daşıyır. Bərpa olunmayan enerji resursları sürətlə tükənir. Məhz bu perspektivi dəyərləndirən dünyanın iri neft şirkətlərinin proqnozlarına görə, 2050-ci ilədək enerjinin üçdəbiri günəş, külək və digər bərpa olunan resursların payına düşəcək və buna görə də, bərpa olunan resurslardan istifadə ən optimal yanaşma sayılır. Bəllidir ki, sosial-iqtisadi inkişaf fasiləsiz və ucuz elektrikin əlçatan olmasını tələb edir. Nəzərə alsaq ki, dünya əhalisinin təxminən 80%-i kənd yerlərində yaşayır və onların əksəriyyəti elektrik enerjisinə çıxışı yoxdur, o zaman “Ağıllı kənd” konsepsiyasının tətbiqinin hesabına yaradılacaq sənaye infrastrukturu sayəsində məşğulluq imkanlarının formalaşmasında, həmçinin həyat keyfiyyətinin artırılmasında böyük rol oynayacağını demək olar.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR