Qlobal enerji bazarı: Böhrandan bərpaya doğru - TƏHLİL

Qlobal enerji bazarı: Böhrandan bərpaya doğru - TƏHLİL
# 24 iyun 2021 17:32 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası müasir tarixdə enerji sektoruna ən çox zərər vuran hadisə kimi yadda qalıb və təsirlərinin bir neçə il davam edəcəyi gözlənilir. Qlobal neft ehtiyatlarının azaldığını və tələbat üzrə bu ilin ikinci yarısı və 2022-ci il üçün gözləntilərin bir qədər yaxşılaşmasına baxmayaraq, neft bazarı pandemiyanın yaratdığı "depressiyadan" hələ çıxmayıb. Bu, o deməkdir ki, koronavirusa yoluxma hallarının yenidən arta biləcəyi ehtimalını diqqətdən kənar qoymaq olmaz.

Qeyd etmək lazımdır ki, pandemiya həqiqətən enerji bazarındakı vəziyyəti dəyişib və əlbəttə, qlobal iqtisadiyyatın bu vacib sektorunun "bədəni" üzərində hələ uzun illər ərzində silinə bilməyəcək izlər qoyub. Buna baxmayaraq, bərpa yolu bir qədər çətin olsa da, artıq başlayıb. Beynəlxalq maliyyə və ixtisaslaşmış təşkilatlar proqnoz verərkən daha ehtiyatlı olmalarına baxmayaraq, bir çox ekspert müsbət rəylər verməkdədir.

Bütün bunlar əsassız ifadələr deyil, bu barədə rəqəmlərə söykənən faktlar deyir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, 2020-ci ildə qlobal enerji tələbatı 5%, enerji investisiyaları isə 18% azalıb, bu da, öz növbəsində, qlobal enerji bazarları ilə bağlı verilən proqnozları əhəmiyyətli dərəcədə dəyişib. Pandemiyadan əvvəlki proqnozlarda qlobal enerji tələbatının 2019-2030-cu illərdə 12% artacağı gözlənilirdi. Mövcud şərtlər altında tələbatın artımının nikbin ssenariyə əsasən – 9%, bədbin ssenariyə görə isə 4% olacağı proqnozlaşdırılır.

Buna baxmayaraq, ehtimal olunur ki, 2030-cu ildə elektrik enerjisinə tələbatın artımının 80%-i bərpa olunan enerji mənbələrinin payına düşəcək. Karbohidrogen resursları içərisində ən böyük artım isə təbii qazda müşahidə ediləcək. BEA-nın proqnozuna görə, növbəti 20 ildə təbii qaza qlobal tələbat ən azı 30% artacaq.

Enerji bazarı haqqında danışarkən, onu da vurğulamaq lazımdır ki, pandemiyadan ən çox zərər və əziyyət çəkən neft sektoru olub. 2020-ci ildə qlobal neft tələbatı 2009-cu ilin qlobal neft böhranından etibarən ilk dəfə azalıb. Özünü təcridetmə prosesi, dövlətlər arasındakı sərhədlərin bağlanması, sənaye müəssisələrinin və neft emalı zavodlarının işinin məhdudlaşdırılması neft bazarında həddən artıq təklifin yaranmasına gətirib çıxarıb, bu da neft qiymətlərinin kəskin enməsinə səbəb oldu. Bütün bunlar təkcə ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına deyil, qlobal iqtisadiyyata da ciddi zərbə vurdu.

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) hesablamalarına əsasən, 2020-ci ildə dünya üzrə gündəlik neft istehlakı 9,6 mln. barel azalaraq 90,4 mln. barelə düşüb.

Pandemiyanın başlanması fonunda 2020-ci ilin mart-aprel ayları ərzində dünya əhalisinin 60%-i sərt karantin rejiminə məruz qalıb, bu da, öz növbəsində, neft istehlakının kəskin azalması ilə nəticələnib. 2020-ci ilin aprel ayında isə tələb və təklif arasındakı disbalans təqribən 35 mln. barelədək yüksəlib. Ancaq tələb və təklif arasındakı fərq 2020-ci ilin may ayından etibarən karantin məhdudiyyətlərinin yumşaldılması və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində gündəlik 9,7 mln. barel neft hasilatının azaldılması fonunda tədricən azalmağa başlayıb.

Onu da əlavə etmək lazımdır ki, Azərbaycan "OPEC+" sazişi çərçivəsində qlobal neft bazarının stabilləşməsinə də töhfə verib. Ölkə sözügedən razılaşması çərçivəsində öhdəliklərini tam yerinə yetirib və bununla da sənayenin ortaya çıxan problemlərini həll etmək əzmini nümayiş etdirib.

Koronovirus infeksiyasının azaldılması istiqamətində görülən səylər, "OPEC+" və digər ölkələr tərəfindən görülən işlər qlobal neft istehlakı üzrə proqnozların nikbinləşməsinə yol açıb.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozuna görə, 2021-ci ildə qlobal neft istehlakı orta hesabla 97,5 mln. barel təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 5,3 mln. barel çoxdur. 2022-ci ildə də neft istehlakı ən azı 3,8 mln. barel artacaq və 101,3 mln. barel təşkil edəcək.

OPEC və BEA-nın qlobal neft tələbatı ilə bağlı proqnozları da nikbindir. Hər iki təşkilat mart ayından etibarən neft tələbatı ilə bağlı proqnozlarını müsbət istiqamətdə dəyişib. BEA-nın 2020-ci ildə dərc edilən "World Energy Outlook 2020" hesabatında qlobal neft tələbatının böhrandan əvvəlki səviyyəyə ancaq 2023-cü ildə qayıda biləcəyini proqnozlaşdırılırdı. Lakin cari ilin iyun ayında dərc edilən hesabatda neft tələbatının 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə qayıda biləcəyi qeyd edilib. Bunun da əsas səbəbi kimi, qlobal miqyasda peyvəndləmə prosesinin sürətlə tətbiqi və qlobal iqtisadi aktivliyin bərpası göstərilir.

OPEC-in proqnozlarına əsasən, COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və peyvəndləmə prosesinin sürətləndirilməsi neftə olan tələbatın artımına təkan verəcək. Bu çərçivədə cari ilin ikinci yarısında tələb və təklif arasında tarazlıq bərpa olunacaq, hətta ilin sonuna doğru tələbatı qarşılamaq üçün 2 mln. barel əlavə neft təchizatına ehtiyac olacaq.

Qısamüddətli perspektivdə neftə olan tələbatla bağlı nikbin proqnozlar verilsə də, BEA neft tələbatının artım tempinin növbəti 5 ildə azalacağını proqnozlaşdırır. Belə ki, pandemiyadan əvvəl 2019-2025-ci illərdə gündəlik tələbatın orta hesabla 1,5 mln. barel artacağı proqnozlaşdırılırdısa da, hazırda bu göstəricinin 2021-ci ildən sonra orta hesabla 1 mln. barel təşkil edəcəyi gözlənilir. Bunun əsas səbəbi – elektrikli avtomobillərin sayının sürətlə artması və qlobal miqyasda yaşıl enerjiyə keçid strategiyasıdır. Artıq 17 ölkə 2050-ci ilədək nəqliyyat sektorunda karbon emissiyasını sıfıra endirməyi prioritet istiqamət kimi götürüb.

Qlobal enerji bazarında yaranan vəziyyətə toxunarkən, təbii qaz məsələsini nəzərdən qaçırmaq olmaz. Pandemiya bu sahəyə də öz təsirini göstərsə də, bu, bir o qədər gözə çarpan olmayıb.

2020-ci ildə qlobal təbii qaz istehlakında 1,9% azalma qeydə alındıqdan sonra 2021-ci ildə tələbatın yenidən bərpa olunacağı və pandemiyadan əvvəlki səviyyəni ötəcəyi gözlənilir. Bir tərəfdən havaların nisbətən mülayim keçməsi, digər tərəfdən pandemiya səbəbindən sərt karantin məhdudiyyətlərinin tətbiqi ötən il qlobal miqyasda tələbatın azalmasına zəmin yaradıb.

Buna baxmayaraq, proqnozlara əsasən, 2020-ci ilin nəticəsi ilə müqayisədə bu il qlobal təbii qaz istehlakı 3,2% və ya 123 mlrd. kubmetr artacaq. Bu isə 2019-cu ilin göstəricisinə nisbətdə 1,3% çoxdur.

Bir çox ölkənin, o cümlədən Azərbaycanın, istixana qazlarının tullantılarının azaldılması, alternativ və bərpa olunan enerji mənbələrində istifadə istiqamətində böyük səylər göstərməsinə baxmayaraq, bir çox ekspertin fikrincə, təbii qaz yaxın 2-3 onillik ərzində karbohidrogenlər arasında ən az ekoloji təsirə malik olan enerji daşıyıcısı rolunu oynayacaq. Azərbaycanda da hazırda qaz hasilatının və onun ixrac həcmlərinin artırılması istiqamətində aktiv işlər aparılır və bunun üçün lazımi potensial mövcuddur. Belə ki, Azərbaycanda təsdiqlənmiş təbii qaz ehtiyatının həcmi 2,6 trln. kubmetrdir, bundan başqa, Azərbaycan Xəzər dənizində bir sıra perspektiv struktura da malikdir, bu da ölkənin qaz ixracının potensialının artırılması prizmasından böyük imkanlar yaradır.

Yekunlaşdıraraq, qlobal enerji bazarının görünməmiş bir böhranla qarşılaşdığını və bu vəziyyətdən çıxması üçün bir neçə il lazım olacağını vurğulamaq lazımdır. Lakin bir çox ölkənin, təşkilatın və strukturların birgə səyləri nəticəsində sektorun dərin böhrana girmə prosesini qısa bir zamanda dayandırmaq mümkün oldu. Hazırda neftin qiyməti 75 dolları keçib, bu da qeyd olunanları bir daha sübut edir. Faktlar, rəqəmlər və müsbət proqnozlar qlobal enerji bazarının bərpasının və pandemiya əvvəlki səviyyələrə qayıtmasının öncəki gözləniləndən daha qısa müddət alacağını ehtimal etməyə imkan verir. Bununla birlikdə, pandemiya və bunun nəticələri dünyadakı hər şeyin nə qədər bir-biri ilə əlaqəli və kövrək olduğunu, kiçik bir virusun milyonlarla insanın həyatını və işini, iqtisadi maraqlarını və bütün qlobal iqtisadiyyatı necə təhdid etdiyini göstərdi. Qlobal enerji bazarının hazırda da həssas olmasına baxmayaraq, o, yüksəlişə doğru hərəkət edir. Lakin əsas odur ki, özünübərpa prosesi vaxtında işə düşüb və sürətlə davam edir...

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR