“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 17 oktyabr 2016 12:25 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə ərzində EUR/USD cütlüyünün məzənnəsi 1.0970$-a kimi 2% ucuzlaşmışdır. FED-in ilin sonuna kimi faiz artıra biləcəyi gözləntiləri dolların bahalaşmasına, avronun isə ucuzlaşmasına səbəb olur. Məzənnə əlavə olaraq 1.0920 və 1.0890$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, önəmli iqtisadi məlumat sayılan Amerikanın inflyasiya göstəricilərinin də açıqlanması gözlənilir. Avropa Mərkəzi Bankının faiz azaldacağı gözlənilməsə də, bank sədri Mario Draqinin cümə axşamı mətbuat konfransı investorların diqqət mərkəzində olacaq.

GBP

Böyük Britaniya hökumətinin BREXIT-in gələcəyi ilə bağlı qeyri-müəyyən addımları investorların funt sterlinqdə yatırımlarla bağlı ehtiyatlı davranmalarına səbəb olur. Beləliklə, hal-hazırda 1.22$ ətrafında dalğalanan GBP/USD cütlüyünün qiyməti gələcək günlər ərzində 1.20$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Lakin nəzərə almaq lazımdır ki, bu həftənin çərşənbə axşamı Böyük Britaniyanın sentyabr ayı üzrə inflyasiya göstərici də açıqlanacaq və iqtisadi cəhətdən müsbət yayımlanması gözlənilir.

TRY

Dolların dünya birjalarında bahalaşması türk lirəsinin də ucuzlaşmasına səbəb olur. Dollar/Lirə cütlüyünün məzənnəsi tarixi rekord səviyyəni 3.11TL-də yenilədikdən sonra 3.09TL-ə kimi korreksiya edib. Ümumiyyətlə, məzənnənin texniki mənzərəsinə görə, 3.07 və 3.11TL aralığında dalğalanma gələcək istiqamətin müəyyən oluna bilməsi üçün önəmli sayılmır. Qiymət bu aralıqda bir müddət üfüqi dalğalana bilər. Lakin qiymət 3.11TL-i yenidən yuxarı istiqamətdə qırarsa, gələcəkdə 3.14 və 3.18TL-ə kimi də bahalaşa bilər.

OIL

OPEC-in noyabr ayında baş tutacaq rəsmi 171-ci toplantısı fonunda enerji bazarlarında neft qiymətlərinin bahalaşmasında müəyyən fasilə yaranıb. Lakin InvestAZ analitikləri qiymətlərdə müşahidə olunan korreksiyanı müvəqqəti qiymətləndirirlər və yenidən 57.40$-dək dəyər qazana biləcəyini proqnozlaşdırırlar.

GOLD

Qızılın bir unsiya üzrə qiyməti dünya bazarlarında son 3 ay ərzində 1241$-a kimi 10% ucuzlaşdıqdan sonra keçən həftə ərzində 1264$-a kimi korreksiya edib. Gələcək günlər ərzində dolların dünya birjalarında bahalaşması davam edərsə, qızılın qiyməti də təzyiq altında qalaraq, əlavə olaraq 1200$-dək ucuzlaşa biləcəyi gözlənilir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_________________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR