“Qırmızı xətt” ətrafında dövr edən “qara qızıl”ın qiymətinin “son mənzil”i - TƏHLİL

“Qırmızı xətt” ətrafında dövr edən “qara qızıl”ın qiymətinin “son mənzil”i - <span style="color: red;">TƏHLİL
# 10 dekabr 2015 10:41 (UTC +04:00)

Ötən ilin ikinci yarısında neftin qiymətləri 1 barelə görə 107 dollardan 53 dollara qədər enib. Bu il ərzində isə neftin qiymətləri 60 dollardan (may-iyun ayları) indiki 40 dollara qədər dəyişib. Faktiki olaraq neft ixrac edən bütün ölkələr iri həcmli itkilərlə üzləşir və ümidini qiymətlərin artmasına bağlayıb. Bu ümidlər ilk növbədə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə bağlıdır, çünki həmin qurum neft bazarına və qiymətlərə təsir edən kimi əsas subyekt hesab olunur. OPEC öz üzvləri üzrə hasilat kvotaları azaltmaqla neftin qiymətlərinə yüksəldici təsir edə bilir. Lakin OPEC bu ümidləri doğrultmayıb və dekabrın 4-də keçirilən iclasında hasilat üzrə kvotalar azaldılmayıb. Qeyd edək ki, bir neçə gün əvvəl biz həmin mövzu barədə qısa proqnozları vermişdik (http://az.apa.az/news/406804) və orada vurğulamışdıq ki, kvotaların azaldılması real görünmür. Təəssüf ki, proqnozumuz özünü doğruldub.

Maraqlıdır ki, iclasına yekununda qəbul edilmiş sənəddə kvotalar barədə ümumiyyətlə heç nə yoxdur. Belə ki, sənəddə bildirilir ki, OPEC-in hesablamalarına görə, 2016-cı ildə dünyada neftə olan tələbat günə 1,3 mln. barel artacaq və eyni zamanda OPEC-ə daxil olmayan ölkələr neft ixracını azaldacaq. Bu ehtimalların nəyə əsaslandığı bilinmir, çünki indiki halda həmin iki amilin tam əks dinamikanı gözləmək olar. Belə ki, dünya iqtisadiyyatının bərpası arzu olunan tempdən daha zəif gedir və ilk növbədə buna səbəb Çində istehsal sahəsində artımın kəskin azalmasıdır. Eyni zamanda mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə və ilk növbədə neft idxal edən Avropa İttifaqının əksər ölkələrində sənaye sektorunda müasirləşmə prosesi sürətlə gedir ki, bu prosesində məqsədi real sektorda neftdən istifadəni azaltmaqdır. Lakin neftə tələbat təbii ki, artacaq, amma hansı templərlə?

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi oktyabr ayında bu barədə proqnozu açıqlayıb və artımın həcmi günə 1,2 mln. barelə bərabər idi. Amma bu proqnoz yenilənmiş proqnozdur, çünki ondan bir-iki ay əvvəlki proqnozlarda tələbat artımı 1,4 mln. barel səviyyəsində olub. Hazırda dünyada baş verən proseslər, o cümlədən kəskin siyasi qarşıdurmalar iqtisadi inkişafa qətiyyən dəstək olmur və bu səbəbdən hər hansı pozitiv proqnoz vermək çox çətindir. İstisna etmək olmaz ki, BEA-nın yeni proqnozunda artıq 1,2 mln. barel deyil, daha aşağı rəqəm olacaq. Bu baxımdan OPEC-in 1,3 mln. barel səviyyəsində açıqlanan rəqəmi bir qədər qeyri-real görünür. Amma yenə də bu rəqəm müəyyən dərəcədə reallığa yaxındır, lakin OPEC-in ikinci ehtimalı reallıqla tam fərqlənir. Yenidən xatırladaq ki, söhbət OPEC-ə üzv olmayan ölkələr tərəfindən neft ixracının azalacağı barədə gedir. Bu isə iqtisadi baxımından mümkün deyil və biz bunun artıq şahidiyik. Məsələn, Rusiya bu il ərzində neft ixracını təxminən 8% artırıb. Qeyd edək ki, Rusiya OPEC-ə üzv olmayan ölkələrdən ən iri neft ixracatçısıdır. Beləliklə artım 8% olsa da, pul ifadəsində ixracın dəyəri 40% azalıb. Oxşar vəziyyət digər ölkələrdə də müşahidə olunur. Buna səbəb aşağı qiymətlərdir. Və məhz aşağı qiymətlər amili təsiri altında ölkələr çalışır ki, ixracın fiziki həcmini artırsınlar. Belə olan halda hər hansı azalmadan söhbət gedə bilməz. Bu yalnız bir halda - embarqo şəraitində mümkündür. Amma inandırıcı görünmür ki, OPEC-in rəsmiləri indidən belə embarqonu proqnozlaşdırmaq qabiliyyətindədir. Daha inandırıcı görünən odur ki, OPEC neftin qiymətlərini müəyyənləşdirmək üzrə məsuliyyətdən qaçır və ona bağlı olmayan səbəbləri axtarır.

Məsələn, İranın neft bazarına “tamhüquqlu” qayıdışı. Belə ki, OPEC ehtimal edir ki, İrana tətbiq olunan embarqo ləğv edildikdən sonrakı vəziyyət məlum deyil və buna görə indi hər hansı addım atmaq düzgün olmazdır. Maraqlı mövqedir, çünki aydındır ki, İrana qarşı sanksiyalar ləğv olunarsa, neft bazarında təklif yalnız arta bilər, başqa variant da yoxdur. Belə olan halda kvotaların azalması daha məqsədəuyğun olardı, amma qərar qəbul edilməsi təxirə salınıb. Qeyd edək ki, OPEC-in növbəti iclası gələn ilin iyununda nəzərdə tutulub, o vaxta qədər neftin qiymətləri daha da düşə bilər.

Bəzi analitiklərin fikrincə, bu mütləq baş verəcək, hətta belə fikirlər səslənir ki, OPEC-in qərarı birmənalı neft bazarına qiymət təsiridir. Daha dəqiq, söhbət Rusiyaya təsirindən gedə bilər. Rusiya tərəfindən son zamanlar aparılan xarici siyasət bir çoxlarının ən azı xoşuna gəlmir. Bu ölkənin əsas gəlir mənbəyi olan nefti ucuzlaşdırmaq Kremlə qarşı siyasi silahdır. Yuxarıda qeyd olunduğu kimi, bu siyasət artıq nəticəsini verir və Rusiyanın neft ixracından gəlirləri kəskin şəkildə azalır. Digər neft ixrac edən ölkələr də həmin problemlə üzləşir, lakin onların bir çoxlarında iri həcmdə ehtiyat var, Rusiyada isə həmin ehtiyatlar sürətlə azalır. Rusiya Mərkəzi Bankının hesablamalarına görə, 2017-ci ilin ortalarına qədər Ehtiyat Fondun vəsaitləri tam tükənəcək. Əlbəttə ki, neftin qiymətləri lazımı səviyyədə olsaydı, Ehtiyat Fonddan vəsaitlər xərclənilməzdi.

Aydındır ki, neftin ucuzlaşmasından Azərbaycan da ziyan çəkir. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən xam neftin dəyəri 7,6 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 2,1 dəfə azdır. Bunun yeganə səbəbi neftin ucuzlaşmasıdır. Belə ki, bu ilin 10 ayı ərzində 18,3 mln. ton neft ixrac olunub (gömrük bəyannamələri üzrə) ki, bu da illik müqayisədə 9,9% azdır. Ötən ilin 10 ayı ərzində ixrac edilən xam neftin dəyəri 16,3 mlrd. dollara bərabər olub, bu il isə bu rəqəm qeyd olunduğu kimi cəmi 7,6 mlrd. dollar təşkil edib.

Göründüyü kimi, ötən ildə ixrac edilən neftin qiyməti (orta hesabla) 1 ton / 803 dollar (və ya 1 barelə 109 dollar) bərabər olduğu halda, bu il həmin göstərici 415 dollar (və ya 56 dollar) təşkil edib. Nəticədə ölkənin neft gəlirləri azalıb və bu artıq bütün sahələrdə görünür. Məsələn, bu ilin 9 ayı üzrə dövlət büdcəsinin gəlirləri 15 faizə yaxın azalıb, bunun əsası isə Neft Fonduna daxil olan vəsaitlərin azalmasıdır. 9 ay ərzində Neft Fondunun gəlirləri 5,543 mlrd. manat təşkil edib, halbuki ötən ilin 9 ayı ərzində bu rəqəm 10,132 mlrd. manata bərabər olub. Yəni illik müqayisədə gəlirlər 1,8 dəfə azalıb. Nəticədə Neft Fondundan dövlət büdcəsinə transferlər azaldılıb, büdcə azalıb, bəzi layihələr təxirə salınıb, iqtisadiyyatda müəyyən dərəcədə daralma baş verib.

Ölkənin əsas gəlir mənbəyinin azalmasının makroiqtisadi mənfi nəticələrini sadalamaq və sadalamaq olar. Buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı hələlik neft şoklarına tab gətirə bilir və yanvar-oktyabr aylarında 3,3 % artım nümayiş etdirir. Amma neftin ucuzlaşması davam etsə, vəziyyət mənfiyə dəyişəcək. Məsələn, Rusiyada iqtisadçılar neftin 1 barelinin 20 dollara qədər düşəcəyi halda iqtisadiyyatın vəziyyəti təhlil edirlər. Azərbaycan gələn il neftin qiymətinin 50 dollar səviyyəsində proqnozlaşdırılıb. Dövlət büdcəsi, Neft Fondunun büdcəsi məhz 50 dollardan formalaşdırılıb. Lakin dünyada baş verən proseslərin, neft bazarında təklifin artması ehtimalının, Çindəki istehsalında mənfi tendensiyaların fonunda OPEC-in hərəkətsizliyi neftin qiymətlərinin yaxın zamanlarda yüksəlməsi ehtimalını son dərəcədə azaldır. Çünki nə dərəcədə təmtəraqlı səslənsə də, OPEC son ümid yeridir.

Vahab Rzayev

APA Analitik Qrupu

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR