"Harvi" qasırğası neftin qiymətinə niyə təsir etmir? - TƏHLİL

"Harvi" qasırğası neftin qiymətinə niyə təsir etmir? - <span style="color: red;">TƏHLİL
# 31 avqust 2017 13:05 (UTC +04:00)

ABŞ-ın Texas ştatı son on ildə ən güclü qasırğanın təsirinə məruz qalıb. Artıq neçə gündür ki, ştat ərazisində daşqın və leysan yağışlar davam edir. Qasırğa nəticəsində zərər çəkmiş insanların sayı 7 milyon nəfərə çatıb, faciəli dağıntılar və fəsadlar müşahidə olunur. Hazırda ştat rəhbərliyi və federal orqanlar təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar. Qasırğanın ABŞ-a vurduğu zərər təxminən 160 milyard dollara yaxındır, təbii fəlakətin iqtisadiyyatda yaradacağı əsas problemlərdən biri sığorta ödəmələri ilə bağlı olacaq. Çünki sığorta polisləri təbii fəlakətə görə dəymiş ziyanın yalnız 1/3 hissəsini ödəyir, fəlakət zonasında qalan əmlak və evlərin böyük hissəsinin ümumilikdə sığortası olmayıb.

Avqustun 26-da ABŞ-ın maliyyə tənzimləyiciləri, o cümlədən Federal Ehtiyat Sistemi və Depozitlərin Sığortalanması üzrə Federal Korporasiyası birgə bəyanatla çıxış ediblər. Bəyanat "Harvi" qasırğası nəticəsində Hyustonda və ümumilikdə Texas ştatında olan maliyyə təşkilatlarında və onların müştərilərində yaranan və yarana biləcək problemlərə aiddir. Bəyanatda tənzimləyicilər bütün zərərçəkmişlərə lazımı dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bəyanat bir neçə bölməyə ayrılıb. Məsələn, kreditləşməyə aid bölmədə bildirilir ki, tənzimləyicilər borcalanlarda və banklardan kredit götürənlərdə qasırğa nəticəsində ciddi maddi ziyana görə kreditlərin ödənilməsində problemlərin yaranmasını etiraf edir və bununla bağlı federal agentliklər maliyyə qurumlara bəyan edir ki, onlar həmin şəraitdə kredit götürənlərlə konstruktiv işləsin və vəziyyəti düzgün qiymətləndirərək müəyyən güzəştlərə getsin.

Bundan əlavə tənzimləyicilər bəyan edir ki, maliyyə təşkilatları özləri də borcalanlarla müsbət münasibət qurduğu halda qasırğadan zərərçəkmişlərin dəstəklənməsi üçün nəzərdə tutulmuş təkrar sərmayə proqramı çərçivəsində federal xətti ilə maliyyə və inzibati dəstək ala biləcək. İnvestorlara təklif edilir ki, regional qiymətli kağızlara, regional və yerli hakimiyyət orqanlarının götürdükləri öhdəliklərə ehtiyatla yanaşsınlar ki, hakimiyyət orqanlarına əlavə çətinliklər yaranmasın. Həmçinin nəzarət fəaliyyəti sahəsində federal agentliklər nəzarət olunan təşkilatlarda normativ və tənzimləyici qaydalarının tələblərinə riayət edilməsində müvəqqəti çətinliklərin yaranması ehtimalını etiraf edirlər. Belə olan hallarda və maliyyə təşkilatları tərəfindən həmin tələblərini icrası üçün səylər göstəriləndə, amma icra obyektiv səbəblərə görə mümkün olmadıqda sanksiya və cərimələr tətbiq edilməyəcək. Analoji olaraq, tənzimləyicilər müvəqqəti bank filialları və şöbələrinin, normal fəaliyyət göstərilməsi üçün lazımı olan müvəqqəti kommunikasiya vasitələrin yaradılması və qurulması üçün istənilən dəstəyi etmək niyyətindədir və eyni zamanda müştərilərə xidmət imkanı olmadığına görə bank bölmələrin bağlanması riskləri yaranarsa, müvafiq inzibati sanksiyaların tətbiq olunmayacaq.

Göründüyü kimi, qasırğaya ən yüksək təhlükə dərəcəsi verildikdən dərhal sonra maliyyə tənzimləyiciləri dəstək bəyanatı yayıblar. Oxşar bəyanatlar digər sahələr üzrə federal və yerli qurumlar, hakimiyyət orqanları tərəfindən səsləndirilib, qasırğanın ilk fəsadları görünən kimi isə konkret hərəkətlərə keçilib. Bu faktlara xüsusi diqqət yetirmək lazımdır. Niyə?

"Harvi" qasırğası coğrafi baxımından lokal olsa da, bütün dünyanın diqqətini çəkib. Təkcə ona görə yox ki, belə təbii fəlakətlər həmişə diqqət çəkir. Qasırğanın vurduğu ziyanın miqdarı, qasırğanın ABŞ-ın hələ də böhranda tam bərpa olunmamış iqtisadiyyatına nə dərəcədə ziyan vurulduğu geniş müzakirə olunur. Hətta Rusiya mediası qasırğanın ABŞ iqtisadiyyatını çökdürə bilməsi ehtimalını "təhlil" edir. 160 milyard dollarlıq ziyan - böyük və faciəli rəqəmdir, amma çətin ki, ABŞ iqtisadiyyatını çökdürə biləcək miqdar olsun. Təbii ki, qasırğanın iqtisadiyyata müəyyən təsirləri olacaq. Unutmaq lazım deyil ki, Texas ştatı ABŞ əsas neft ocağıdır və burada bu dərəcədə təbii fəlakət təsirsiz ötə bilməz.

İlk növbədə demək lazımdır ki, qasırğa səbəbindən Meksika körfəzində neft hasilatı müxtəlif hesablara görə 25%-dən 30%-dək azalıb. Eyni zamanda qasırğa zonasında yerləşən neft emalı kompleksləri fəaliyyətini ya tam, ya qismən dayandırıb. Bütün bunlar neftin qiymətlərinə təsir etməli idi. Amma etməyib. Qasırğa başlanandan dərhal sonra səsləndirilən proqnozların əksinə neftin qiyməti sabit qalıb: avqustun 26-da WTI markalı neftin 1 bareli 47,9 dollara bərabər olduğu halda avqustun 29-da 43,4 dollara düşüb. Yəni gözlənilən bahalaşma əvəzinə neftin bir qədər ucuzlaşması baş verib. Halbuki ilk baxışdan hasilatın azalması, bununla bağlı ehtiyatların azalması kimi faktlar neftin bahalaşmasına gətirib çıxarmalı idi. Niyə etməyib?

Bu suala cavabı tapmaq üçün həmçinin fond bazarındakı indekslərə fikir vermək lazımdır. Belə ki, sözügedən dövrdə Dow Jones indeksi 21 814 bənddən 21 865 bəndədək, S&P 500 indeksi isə 2 443 bənddən 2 447 bəndədək dəyişib. Tam sabitlikdir, halbuki tarixdə onlarla misallar var ki, "Harvi" qasırğasına nisbətən daha zəif təbii fəlakətlər fond indekslərinin, həm neft kotirovkalarının kəskin dəyişməsinə səbəb olurdu. İndiki halda, fikrimizcə, səbəb texniki amillərlə bağlıdır. Belə ki, qasırğa şənbə gecəsi başlayıb, bütün birjalar isə yalnız bazar ertəsi açılır. Həmin ara dövründə bütün hakimiyyət orqanlarının həm lazımı müəyyən dərəcədə sakitləşdirici bəyanatlarla çıxış etməyə, həm də real addımlar atmağa, xilasetmə əməliyyatları aparmağa vaxtı olub. Nəticədə, bazarlar açılanda ilk çaxnaşma yerini bütün gücünü fəsadların aradan qaldırılmasına sərf edən federal və yerli hakimiyyətin addımlarının doğurduğu əhval-ruhiyyəyə verib. Qasırğanın maliyyə və neft bazarlarına təsir etməməsini məhz bununla izah etmək olar. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər qasırğa neftin qiymətlərinə indiyədək təsir etməyibsə, bundan sonra belə bir təsir çətin ki, olsun.

"Harvi"nin neft bazarına təsiri müəyyən qədər ABŞ-ın strateji neft ehtiyatlarının azalması baxımından ola bilərdi, amma burada ciddi bir "maneə" var. Belə ki, ABŞ-ın neft ehtiyatları, demək olar ki, Trampın prezident seçiləndən sonra satılmağa başlayıb. Nəticədə, məsələn, son 4-5 ay ərzində ABŞ-ın strateji neft ehtiyatları 682 milyon barelə düşüb ki, bu da 12 illik minimumudur. Buna görə aydındır ki, neft bazarı üçün ABŞ-ın strateji neft ehtiyatlarının azalması çoxdan sürpriz deyil, bazar buna artıq "öyrəşib" və qasırğa nəticəsində baş verə biləcək azalma neft bazarı üçün təsirsiz ötəcək.

Beləliklə, bizim proqnozumuz həddən artıq nikbin görünsə də, amma faktlara və qasırğa başlanandan keçmiş bir neçə gün ərzində baş verənlərə əsaslanır. Vəziyyət göstərir ki, "Harvi" qasırğası böyük və ciddi təbii fəlakət olsa da, qlobal baxımından maliyyə və neft bazarlarına, ümumi iqtisadi vəziyyətə mənfi təsir etmir.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR